ABŞ və İran arasında danışıqlar nəticəsiz qalıb
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner Berlində Qətərin Baş naziri Məhəmməd bin Əbdürrəhman Al Tani ilə görüşərək İranla münasibətlərin normallaşdırılması imkanlarını müzakirə ediblər.
Crossmedia.az xəbər verir ki, “Axios” portalı bu barədə məlumat yayıb.
Noyabrın 19-da keçirilən görüşdə tərəflər ABŞ və İran arasında vasitəçilik səylərini, atəşkəsin bərpasını və nüvə danışıqlarının yenidən başlanması yollarını nəzərdən keçiriblər.
Görüşdə Qətərin xüsusi nümayəndəsi Əli əl-Tavadi də iştirak edib.
Məlumata görə, Qətər son həftələr ərzində Vaşinqtonla Tehran arasında razılaşmanın əldə olunması və yeni hərbi qarşıdurmanın qarşısının alınması üçün diplomatik səylərini intensivləşdirib.
Qətərin Baş naziri daha əvvəl Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Cey Di Venslə, Türkiyədə isə İranın xarici işlər naziri Abbas Əraqçi ilə danışıqlar aparıb.
Bundan başqa, İranın aşağı səviyyəli nümayəndə heyəti də bu həftə Dohada Qətər rəsmiləri ilə görüşüb.
Lakin “Axios”un mənbələrinin bildirdiyinə görə, ardıcıl diplomatik təmaslara baxmayaraq, ABŞ və İran arasında danışıqlarda hələlik ciddi irəliləyiş əldə olunmayıb.
12:24 21.11.2026
Oxunuş sayı: 82