Almaniya naziri “GTA 6”ya təşəkkür edib
Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt ölkədə gənclərin etiraz aksiyalarına qatılanların sayının azalmasını zarafatla “GTA 6” videooyununun satışa çıxması ilə əlaqələndirib.
Crossmedia.az xəbər verir ki, Almaniyanın “Bild” nəşri bu barədə məlumat yayıb.
Noyabrın 20-də Almaniyanın 100-dən çox şəhərində “Z nəsli” hərəkatının növbəti etiraz aksiyaları keçirilib. Lakin bu dəfə nümayişlərdə iştirak edənlərin sayı üç həftə əvvəlki aksiyalarla müqayisədə xeyli az olub.
Məlumata görə, aksiyalar zamanı ölkənin əksər bölgələrində vəziyyət nisbətən sakit keçib. Bununla belə, Leypsiqdə etirazçılarla polis arasında qarşıdurma baş verib və bir neçə polis əməkdaşı xəsarət alıb. Hamburqda isə nümayişçilərə qarşı su şırnaqlarından istifadə olunub.
Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt aksiyalardan sonra polis əməkdaşlarına göstərdikləri xidmətə görə təşəkkür edib.
Nazir daha sonra zarafatla “GTA 6” oyununu da xatırladıb.
“Bir az da ‘GTA 6’ya təşəkkür edirəm!”, – deyə Dobrindt bildirib.
Onun sözləri bəzi gənclərin küçələrə çıxaraq etiraz aksiyalarına qatılmaq əvəzinə evdə videooyun oynamağa üstünlük verməsinə eyham kimi qiymətləndirilib.
Qeyd edək ki, “Z nəsli” hərəkatının aksiyalarında gənclər təhsil və səhiyyəyə ayrılan vəsaitin artırılmasını, sosial problemlərin həllini və hökumətin siyasətində dəyişikliklər edilməsini tələb edirlər.
13:53 21.11.2026
Oxunuş sayı: 42