Ərzaq məhsullarına vahid qiymət əlavəsi tətbiq edilməlidir? — Açıqlama
Ərzaq məhsullarının qiyməti əhalinin gündəlik xərclərinə və sosial rifahına birbaşa təsir göstərən əsas amillərdən biridir. Xüsusilə son illərdə ərzaq bazarında müşahidə olunan qiymət dəyişiklikləri, məhsulların istehsalçıdan istehlakçıya qədər keçdiyi mərhələlərdə yaranan əlavə xərclər və pərakəndə satış qiymətlərindəki fərqlər bu məsələnin aktuallığını artırır. İstehlakçılar üçün əsas narahatlıq yalnız məhsulların bahalaşması deyil, həm də eyni məhsulun müxtəlif satış məntəqələrində fərqli qiymətlərlə təklif olunmasıdır.
Bu baxımdan ərzaq məhsullarının pərakəndə satış qiymətlərinə ticarət əlavəsinin müəyyən edilməsi ilə bağlı təkliflər iqtisadi müzakirələrin əsas mövzularından birinə çevrilib. Mümkün yanaşmalardan biri məhsulların satışında eyni faizlə ticarət əlavəsinin tətbiqidir. Belə mexanizmin əsas məqsədi əsassız və süni qiymət artımlarının qarşısını almaq, bazarda daha şəffaf qiymət siyasətinin formalaşmasına nail olmaqdır.
Hazırda Azərbaycanda kommunal xidmətlər, ictimai nəqliyyat, yanacaq və əczaçılıq sahələri kimi müəyyən istiqamətlərdə qiymətlər dövlət tərəfindən tənzimlənir. Bu müdaxilənin əsas məqsədi strateji sahələrdə sabitliyi qorumaq və əhalinin sosial maraqlarını təmin etməkdir. Lakin ərzaq bazarına eyni qaydada müdaxilənin hansı iqtisadi nəticələr doğuracağı, sahibkarların fəaliyyətinə və rəqabət mühitinə necə təsir edəcəyi ayrıca qiymətləndirilməlidir.
Ticarət əlavəsinə vahid faiz tətbiq edilməsi istehlakçılar üçün qiymətlərin daha aydın və proqnozlaşdırıla bilən olmasına şərait yarada bilər. Bununla yanaşı, məhsulların saxlanılması, daşınması, logistika və digər xərclər nəzərə alınmadan müəyyən ediləcək məhdudiyyətlər bazarda əlavə çətinliklər yarada bilər. Bəs belə bir mexanizm ərzaq qiymətlərinin sabitləşməsinə nə dərəcədə kömək edə bilər və onun tətbiqi zamanı hansı iqtisadi prinsiplər əsas götürülməlidir?
Crossmedia.az-a açıqlamasında iqtisadçı Akif Nəsirli bildirib ki, ərzaq məhsullarının pərakəndə satışında vahid faizlə ticarət əlavəsinin tətbiqi ilk baxışdan qiymət artımlarının qarşısını almaq üçün effektiv mexanizm kimi görünə bilər:

“Çünki bu halda mağazalar məhsulun alış qiymətinin üzərinə istədikləri qədər əlavə gəlir qoymaq imkanına malik olmayacaqlar. Nəticədə xüsusilə gündəlik tələbat mallarında əsassız qiymət artımlarının məhdudlaşdırılması mümkün ola bilər. Ancaq hesab edirəm ki, bütün ərzaq məhsullarına vahid faiz tətbiq edilməsi bazarın real iqtisadi şərtlərini tam nəzərə almayan yanaşmadır.
Məsələn, çörək, süd, ət, meyvə-tərəvəz və digər ərzaq məhsullarının saxlanma, daşınma, qablaşdırma və satış xərcləri eyni deyil. Tez xarab olan məhsullarda itki riski daha yüksəkdir. Böyük supermarketlə kiçik məhəllə mağazasının da əməliyyat xərcləri fərqlənir. Əgər hər ikisinə eyni ticarət əlavəsi tətbiq olunarsa, bəzi müəssisələr üçün bu faiz rentabelliyi təmin etməyə bilər. Nəticədə sahibkar həmin məhsulların satışını azaltmağa və ya ümumiyyətlə satışdan çıxarmağa məcbur qala bilər.
Digər tərəfdən, vahid faiz mexanizminin müsbət tərəfi şəffaflığın artması ola bilər. İstehlakçı məhsulun alış qiyməti ilə satış qiyməti arasındakı fərqi daha aydın görə bilər. Bu, xüsusilə təchizat zəncirində vasitəçilərin çox olduğu məhsullarda qiymət formalaşmasına nəzarəti asanlaşdıra bilər. Lakin burada diqqət yetirilməli məqam ondan ibarətdir ki, yüksək pərakəndə satış qiymətinin səbəbi həmişə mağazanın ticarət əlavəsi olmur. Bəzən bahalaşma istehsal, idxal, topdansatış və logistika mərhələsində baş verir. Dövlət yalnız sonuncu mərhələdəki əlavəni məhdudlaşdırmaqla ümumi qiymət problemini həll edə bilməz”.
İqtisadçı qeyd edib ki, dövlət qiymət siyasəti həyata keçirərkən istehsalçıların, topdansatış və pərakəndə satış müəssisələrinin real xərclərini ayrıca qiymətləndirməlidir:
“İstehsalçının xammal, enerji, əməkhaqqı və istehsal xərcləri, topdansatış şirkətlərinin logistika və anbar xərcləri, pərakəndə satış müəssisələrinin isə icarə, əməkhaqqı, kommunal xidmətlər, vergi və məhsul itkisi xərcləri nəzərə alınmalıdır. Əks halda, müəyyən edilmiş ticarət əlavəsi iqtisadi cəhətdən əsaslandırılmamış olacaq.
Belə bir məhdudiyyətin rəqabət mühitinə də təsiri ola bilər. Böyük ticarət şəbəkələri miqyas hesabına xərclərini daha asan optimallaşdıra bildikləri halda, kiçik mağazalar eyni şərtlərdə fəaliyyət göstərməkdə çətinlik çəkə bilərlər. Bu isə uzunmüddətli perspektivdə kiçik sahibkarların bazardan sıxışdırılması və rəqabətin zəifləməsi ilə nəticələnə bilər. Digər risk isə bəzi məhsulların rəsmi satışının azalması, çeşidin daralması və qeyri-rəsmi ticarət dövriyyəsinin genişlənməsidir.
Mən hesab edirəm ki, bütün ərzaq məhsullarına vahid faiz tətbiq etməkdənsə, zəruri ərzaq məhsulları üzrə fərqli və iqtisadi cəhətdən əsaslandırılmış ticarət əlavəsi hədlərinin müəyyənləşdirilməsi daha məqsədəuyğundur. Bununla yanaşı, qiymət zəncirinin bütün mərhələlərində şəffaflıq təmin edilməli, süni qiymət artımları və bazarda inhisarçı davranışlar nəzarətdə saxlanılmalıdır.
Ən vacib məsələ odur ki, dövlət qiymətləri inzibati qaydada məhdudlaşdırarkən bazarda məhsul təklifinin azalmasına səbəb olmamalıdır. Çünki qiymətin kağız üzərində aşağı saxlanılması, əgər həmin məhsulun tapılmasını çətinləşdirirsə, istehlakçı üçün real fayda yaratmır. Davamlı ucuzlaşma isə inzibati məhdudiyyətlərdən daha çox istehsalın artırılması, idxaldan asılılığın azaldılması, logistika xərclərinin optimallaşdırılması və sağlam rəqabətin gücləndirilməsi hesabına əldə oluna bilər”.
Məhəbbət Tərlanoğlu
18:30 23.11.2026
Oxunuş sayı: 54