Tramp özünü xilas etmək üçün Heqseti qurban verə bilər- ŞƏRH
ABŞ-də aralıq seçkilərdən sonra demokratlarla Donald Tramp administrasiyası arasında siyasi qarşıdurmanın daha da kəskinləşəcəyi gözlənilir. Bu fonda ABŞ Nümayəndələr Palatasında demokratların lideri Hakim Ceffrisin müdafiə naziri ( Pentaqon rəhbəri) Pit Heqsetin vəzifəsindən uzaqlaşdırılmalı olduğu barədə açıqlaması Vaşinqtonda yeni siyasi müzakirələrə yol açıb. Heqsetə qarşı səsləndirilən tənqidlər, onun hərbi idarəçilikdəki qərarları və İranla bağlı hərbi əməliyyatlarda tutduğu mövqe məsələnin diqqət mərkəzindədir.
Bəs demokratların Pit Heqsetin vəzifədən kənarlaşdırılması tələbi hansı siyasi və hüquqi əsaslara söykənir? Bu təzyiqlər Donald Trampın mövqeyinə təsir göstərə və Pentaqon rəhbərinin vəzifəsini itirməsi ilə nəticələnə bilərmi?

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Oqtay Qasımov qeyd edib ki, ABŞ-də keçirilən aralıq seçkilərdən sonra demokratlar Donald Tramp administrasiyasının bir sıra üzvlərinə qarşı impiçment prosesinin başladılacağını bəyan ediblər: “Bu baxımdan, hədəfdə olan əsas şəxslərdən biri də ABŞ-nin müdafiə naziri Pit Heqsetdir. Artıq onun vəzifədən kənarlaşdırılması ilə bağlı məsələlər ictimai müzakirələrdə də gündəmə gətirilir. Pit Heqset iki əsas məsələ üzrə ciddi tənqid və ittihamlarla üzləşir. Birinci məsələ ABŞ ordusunda peşəkar hərbçilərin vəzifələrindən uzaqlaşdırılması, xüsusilə də onunla razılaşmayan və ya mövqeyini dəstəkləməyən şəxslərin sistemdən kənarlaşdırılması, əvəzində isə özünə yaxın və sadiq kadrların önə çəkilməsi ilə bağlıdır. İkinci məsələ isə İranla bağlı hərbi əməliyyatlardır. Hesab olunur ki, bu müharibənin başlanmasında ABŞ administrasiyası daxilində ən mühüm rol oynayan şəxslərdən biri məhz Pit Heqsetdir. Bu amil də ona qarşı narazılığın artmasına səbəb olan əsas məqamlardandır”.
Siyasi şərhçi qeyd edib ki, bu baxımdan, onun vəzifədən kənarlaşdırılması ilə bağlı tələblərin səsləndirilməsi gözlənilən idi: “Doğrudur, Donald Tramp məsələ ilə bağlı açıqlamasında Pit Heqseti vəzifədən azad etmək niyyətində olmadığını bildirib. Lakin nəzərə alsaq ki, yanvarın 3-dən Konqres və Senatın yeni tərkibi fəaliyyətə başlayacaq və demokratların burada ciddi mövqelərə malik olacaq, onda bu məsələnin yenidən gündəmə gətirilməsi real görünür. Belə bir şəraitdə Donald Tramp özünə qarşı siyasi təzyiqləri azaltmaq məqsədilə Pit Heqseti və ya administrasiyanın digər nümayəndələrindən birini vəzifədən uzaqlaşdırmaq qərarı verə bilər. Bu, mümkün ssenarilərdən biridir. Digər ehtimal isə Trampın Konqres və Senatın təzyiqlərinə qarşı çıxaraq öz komandasını qorumağa çalışmasıdır. Lakin belə bir mövqe prezidentlə qanunverici hakimiyyət arasında münasibətlərin daha da gərginləşməsinə, ABŞ-də daxili siyasi qarşıdurmanın dərinləşməsinə səbəb ola bilər”.
Ayhan
18:45 23.11.2026
Oxunuş sayı: 50