ABŞ Kanada, Qrenlandiya və Meksikanı müstəmləkəsinə çevirəcək?
ABŞ Prezidenti Donald Tramp Meksika hökumətini miqrant axınının qarşısını almadığı təqdirdə bu ölkədən idxal olunan məhsullara tətbiq edilən gömrük rüsumlarını dərhal ikiqat artırmaqla hədələyib. Trampın bu addımı bir daha göstərir ki, Vaşinqton miqrasiya məsələsindən yalnız daxili təhlükəsizlik problemi kimi deyil, həm də xarici siyasətdə təzyiq aləti kimi istifadə edir. Əslində, Trampın gömrük tarifləri üzərindən təzyiq siyasəti yeni deyil. O, müxtəlif dövrlərdə Kanada, Meksika, Çin və Avropa ölkələrinə qarşı bu mexanizmdən istifadə etməyə çalışıb. Burada əsas sual yaranır: Trampın bu cür iqtisadi təzyiqləri real nəticə əldə etmək imkanları nə dərəcədə güclüdür? ABŞ həqiqətənmi Meksikaya qarşı gömrük rüsumlarını ikiqat artırmaq gücündədir, yoxsa bu, qarşı tərəfi güzəştə məcbur etmək üçün növbəti siyasi blefdir? Ümumiyyətlə, Trampın sərt ritorikası ABŞ-nin iqtisadi və geosiyasi gücünün nümayişidir, yoxsa bu siyasət Vaşinqtonun müttəfiqləri və qonşuları ilə münasibətlərində yeni problemlər yaradır?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Azad Məsiyev qeyd edib ki, ABŞ-də kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Amerikanın strateji xətti dəyişməz olaraq qalır: "İstər Respublikaçıların, istərsə də Demokratlar Partiyasının nümayəndəsi hakimiyyətdə olsun, ABŞ-nin toxunulmaz strateji maraqları mövcuddur. Bu strategiyanın həyata keçirilməsi istiqamətində hakimiyyətdə olan partiya yalnız taktiki gedişlərdə fərqli addımlar ata bilər. Lakin strateji məqsəd dəyişmir. Amerikanın əsas strateji hədəfi dünyada birqütblü dünya nizamını formalaşdırmaq, bu sistemin mərkəzində dayanmaq və ona nəzarət etməkdir. Başqa sözlə, ABŞ öz qlobal hegemonluğunu və imperiya mövqeyini qorumağa çalışır. Bunun üçün zaman-zaman dünyanın müxtəlif regionlarında təzyiq siyasəti həyata keçirir. Daha doğrusu, iqtisadi və hərbi xaos yaratmaq, ayrı-ayrı dövlətləri zəiflətmək və onların hesabına öz təsir dairəsini genişləndirmək siyasəti yürüdür. Donald Trampın hakimiyyətə gəlməsi ilə bu siyasət daha açıq və nümayişkaranə xarakter alıb. Hətta Tramp açıq şəkildə Kanadanın ABŞ-nin 51-ci ştatı olmalı olduğunu bəyan edib. Qrenlandiyanın ABŞ-nin tərkibinə qatılması, Panama kanalının Amerika nəzarətinə keçməsi ilə bağlı iddialar da bu siyasətin tərkib hissəsidir. Xüsusilə Meksika ilə münasibətlərdə Trampın özünəməxsus təzyiq siyasəti mövcuddur. Hələ ilk prezidentlik dövründə Meksika ilə sərhədlərin bağlanması, miqrasiya məsələsinin gündəmə gətirilməsi və müxtəlif təzyiq mexanizmlərindən istifadə olunması bunun bariz nümunəsidir. Həmin dövrdən başlayaraq Vaşinqton Meksikanı öz təsir dairəsində saxlamaq üçün müxtəlif vasitələrə əl atır. Əvvəllər miqrasiya məsələsi üzərindən təzyiq göstərilirdisə, indi gömrük tariflərinin artırılması ilə eyni siyasət davam etdirilir".

Politoloq qeyd edib ki, ümumiyyətlə, Trampın miqrasiya məsələsinə münasibəti də xüsusi diqqət çəkir: "Halbuki ABŞ miqrantların hesabına formalaşmış dövlətdir. Hətta Trampın öz ailəsinin də miqrasiya tarixi var. Onun əcdadları Amerika qitəsinə Avropadan köçüblər. Beləliklə, miqrantlara qarşı sərt siyasət yürüdən Trampın özü də miqrant mənşəli bir ailənin nümayəndəsidir. Miqrasiya məsələsindən istifadə, gömrük tariflərinin artırılması, Avropa dövlətlərinin və Çinin əlavə rüsumlarla hədələnməsi Tramp administrasiyasının taktiki gedişləridir. Lakin bu taktiki addımların arxasında daha böyük strateji maraqlar dayanır. Əsas məqsəd Amerikanın qlobal hegemonluğunu qorumaq, ayrı-ayrı dövlətləri Vaşinqtondan asılı vəziyyətə salmaq və onları ABŞ-nin diktəsi ilə hərəkət etməyə məcbur etməkdir. Burada siyasətin yalnız görünən tərəfini deyil, görünməyən tərəfini də nəzərə almaq lazımdır. Meksikaya qarşı miqrasiya və gömrük tarifləri üzərindən təzyiq göstərilməsi, əslində, həmin ölkəni ABŞ-dən daha çox asılı vəziyyətə salmaq, onun iqtisadi və siyasi müstəqilliyini məhdudlaşdırmaq cəhdidir. Vaşinqton Meksikanı öz strateji maraqlarının bir hissəsi kimi görür və bu ölkənin müstəqil siyasi qərarlar qəbul etməsini hər zaman öz maraqlarına uyğun hesab etmir. Təbii ki, Meksika kimi dövlətlər bu siyasəti qəbul etmir və öz suverenliklərini qorumağa çalışırlar. Tramp administrasiyası isə bu müqaviməti qırmaq üçün müxtəlif təzyiq mexanizmlərindən istifadə edir. Gömrük rüsumlarının artırılması da həmin mexanizmlərdən biridir. ABŞ-nin bu siyasətinin digər nümunəsi Venesueladır. Venesuelaya qarşı müxtəlif bəhanələrlə təzyiq siyasəti həyata keçirilib. Narkotiklərlə mübarizə arqumentindən istifadə edilməklə ölkəyə qarşı sərt addımlar atılıb, daha sonra isə Venesuelanın siyasi hakimiyyəti və təbii sərvətləri ilə bağlı məsələlər gündəmə gətirilib. Trampın Venesuelanın neft ehtiyatları və bu ölkənin sərvətləri ilə bağlı açıqlamaları da ABŞ-nin iqtisadi maraqlarını açıq şəkildə ortaya qoyur. Bu nə deməkdir? Bu o deməkdir ki, ABŞ müxtəlif siyasi və təhlükəsizlik bəhanələrindən istifadə etməklə ayrı-ayrı dövlətlərin təbii sərvətləri üzərində nəzarət əldə etməyə və bununla da öz iqtisadi və siyasi gücünü möhkəmləndirməyə çalışır. Başqa sözlə, Amerikanın qlobal hegemonluğunu qorumaq siyasətində iqtisadi maraqlar mühüm yer tutur. Deməli, Meksikaya qarşı həyata keçirilən təzyiq siyasəti də ABŞ-nin xarici siyasətinin əsas istiqamətlərindən biridir. Məqsəd Meksikanı öz təsir dairəsində saxlamaq, onun təbii sərvətləri və iqtisadi potensialı üzərində təsir imkanlarını genişləndirmək, eyni zamanda, Meksika dövlətini Vaşinqtonun strateji maraqlarına uyğun hərəkət etməyə sövq etməkdir. Təbii ki, Meksikanın siyasi rəhbərliyi Trampın tələblərinə boyun əymədikdə, ABŞ gömrük tariflərini artırmaq kimi iqtisadi təzyiq vasitələrindən istifadə edir. Bu, Trampın özünəməxsus taktiki yanaşmasıdır. Lakin əsas məqsəd dəyişmir: Amerikanın strateji maraqlarını həyata keçirmək və onun qlobal təsir imkanlarını genişləndirmək. Çünki qeyd etdiyim kimi, ABŞ-də kimin hakimiyyətdə olmasından asılı olmayaraq, istər Demokratlar, istərsə də Respublikaçılar üçün Amerikanın qlobal gücünün qorunması və təsir dairəsinin genişləndirilməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu məsələdə daha bir nümunə Kanadadır. Kanada Avropa İttifaqı ilə daha sıx əməkdaşlıq, hətta Avropa İttifaqının müdafiə təşəbbüslərində iştirak imkanları ilə bağlı danışıqlar aparır. ABŞ-nin buna reaksiyası isə kifayət qədər sərt olub. Vaşinqton Kanadanın Avropa ilə yaxınlaşmasını öz maraqlarına zidd addım kimi qiymətləndirib və bu istiqamətdə Avropa dövlətlərinə xəbərdarlıqlar edib".
A.Məsiyev qeyd edib ki, ABŞ Kanada, Qrenlandiya və Meksika kimi ölkə və əraziləri özünün strateji təsir məkanının bir hissəsi hesab edir: " Vaşinqton həmin ərazilərdə başqa güc mərkəzlərinin təsirinin artmasını öz geosiyasi maraqlarına təhdid kimi qəbul edir. Buna görə də zaman-zaman müxtəlif iqtisadi, siyasi və diplomatik təzyiq vasitələrindən istifadə olunur. Nəticə etibarilə, Trampın əsas məqsədi bu dövlətlərin müstəqil siyasi iradəsini məhdudlaşdırmaq, onları Amerikanın maraqlarına uyğun hərəkət etməyə məcbur etməkdir. Trampın istifadə etdiyi üsullar dəyişə bilər, təzyiq mexanizmləri fərqli ola bilər, lakin arxasında dayanan əsas strateji məqsəd eynidir: ABŞ-nin qlobal hegemonluğunu qorumaq, təsir dairəsini genişləndirmək və beynəlxalq münasibətlər sistemində öz dominant mövqeyini saxlamaq".
Ayhan
12:00 14.11.2026
Oxunuş sayı: 152