İtaliya Almaniyanın döyüş təyyarəsi layihəsinə qoşulmasına qarşı çıxıb
İtaliya Almaniyanın Böyük Britaniya və Yaponiya ilə birgə həyata keçirdiyi yeni nəsil döyüş təyyarəsi layihəsinə tamhüquqlu tərəfdaş kimi qoşulmasını dəstəkləməyib.
Crossmedia.az xəbər verir ki, “Financial Times” qəzeti bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, İtaliyanın müdafiə naziri Quido Krozetto Almaniyaya GCAP (Global Combat Air Programme) layihəsində yalnız müşahidəçi statusunun verilməsini təklif edib.
Bu status Berlinə layihənin maliyyələşdirilməsində iştirak etmək imkanı versə də, döyüş təyyarəsinin hazırlanması və inkişaf etdirilməsi prosesində birbaşa rol nəzərdə tutmur.
İtaliya və Yaponiya Almaniyanın tamhüquqlu tərəfdaş kimi qoşulmasının layihənin icrasını gecikdirə və öz aviasiya sənayelərinin iş payını azalda biləcəyindən narahatdır.
Almaniya isə müşahidəçi statusunu qəbuledilməz hesab edir. Berlin layihəyə maliyyə töhfəsi müqabilində ölkənin müdafiə sənayesi müəssisələrinin təyyarənin hazırlanmasında mühüm rol almasını istəyir.
Qeyd edək ki, Almaniya Fransa ilə birlikdə həyata keçirdiyi təxminən 100 milyard avroluq FCAS döyüş aviasiyası layihəsinin iyun ayında dağılmasından sonra alternativ tərəfdaşlıq imkanlarını araşdırmağa başlayıb.
Hazırda Berlin GCAP layihəsinə qoşulmaqla yanaşı, İsveç və digər ölkələrlə mümkün əməkdaşlıq variantlarını da nəzərdən keçirir.
GCAP çərçivəsində Böyük Britaniya, İtaliya və Yaponiya 2035-ci ilədək yeni nəsil döyüş təyyarəsi hazırlamağı planlaşdırır.
Tərəflər Almaniyanın mümkün iştirakı ilə bağlı müzakirələri davam etdirmək barədə razılığa gəlsələr də, onun layihəyə hansı statusla qoşulacağı hələ müəyyən edilməyib.
11:45 14.11.2026
Oxunuş sayı: 64