Füzulidə ağır qəza: 3 nəfər ölüb, 4 nəfər yaralanıb
Füzuli rayonunda iki avtomobilin toqquşması nəticəsində 3 nəfər həyatını itirib, 4 nəfər xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi bu barədə məlumat yayıb.
Hadisə noyabrın 13-də saat 23:00 radələrində rayonun Böyük Bəhmənli kəndi ərazisində baş verib.
Rayon sakinləri Seymur İsmayılovun idarə etdiyi “Opel” və Mustafa Musayevin idarə etdiyi “VAZ-2104” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində “Opel”in sürücüsü və iki sərnişini hadisə yerində ölüb.
Həmin avtomobilin digər iki sərnişini, eləcə də “VAZ-2104”ün sürücüsü və sərnişini müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri, xüsusilə gecə saatlarında sürəti yol və görünmə şəraitinə uyğun seçməyə, təhlükəsiz ara məsafəsini qorumağa və manevrlər zamanı diqqətli olmağa çağırıb.
Qurum həmçinin yorğun və yuxusuz halda avtomobil idarə etməməyin, diqqəti yoldan yayındırmamağın və təhlükəsizlik kəmərlərindən istifadənin vacibliyini xatırladıb.
09:23 14.11.2026
Oxunuş sayı: 90