ABŞ senatorlarından Elon Maska “Starlink” tələbi
ABŞ-nin Demokratlar Partiyasından olan senatorları İlon Maskdan Ukraynada “Starlink” və “Starshield” peyk rabitə xidmətlərinə tətbiq edilən məhdudiyyətlərlə bağlı sənədlərin və yazışmaların saxlanılmasını tələb ediblər.
Crossmedia.az xəbər verir ki, “The Wall Street Journal” (WSJ) qəzeti bu barədə məlumat yayıb.
Məlumata görə, senatorlar Cin Şahin və Kris Kuns “SpaceX” şirkətinə müraciət edərək oktyabr və noyabr aylarında Ukraynanın hərbi əməliyyatlarına təsir göstərdiyi bildirilən rabitə məhdudiyyətlərinin araşdırılmasını istəyiblər.
Senatorlar sentyabrın 1-dən etibarən İlon Mask, “SpaceX” rəhbərliyi, Ağ Ev və Pentaqon arasında aparılmış müvafiq yazışmaların və digər sənədlərin qorunub saxlanılmasını tələb ediblər.
Məqsəd “Starlink” və “Starshield” sistemlərinə tətbiq edilən məhdudiyyətlərə kimin icazə verdiyini və qərarın hansı əsaslarla qəbul olunduğunu müəyyənləşdirməkdir.
Məktubda oktyabrın 13–24-də və noyabrın 12-də qeydə alınan məhdudiyyətlərin Ukrayna ordusunun əməliyyat imkanlarına mənfi təsir göstərdiyi bildirilir.
Senatorlar peyk rabitəsi üzərində qərarvermə səlahiyyətlərinin qeyri-şəffaf olmasının ABŞ-nin milli təhlükəsizliyi üçün də risk yarada biləcəyini vurğulayıblar.
“SpaceX” isə noyabr ayında sözügedən məhdudiyyətləri tətbiq etdiyini təkzib edib.
Şirkətdən noyabrın 30-dək müvafiq sənədlərin qorunub saxlanıldığını təsdiqləməsi və senatorların suallarını cavablandırması istənilib.
09:58 14.11.2026
Oxunuş sayı: 96