Rusiya NATO qoşunlarının 1997-ci il mövqelərinə qayıtmasını tələb edir
Rusiya Ukraynada müharibənin başa çatdırılması üzrə danışıqlarda NATO-nun Şərqi Avropadakı hərbi qüvvələrinin 1997-ci ildəki mövqelərinə geri çəkilməsi tələbini yenidən gündəmə gətirib.
Crossmedia.az xəbər verir ki, “The New York Times” qəzeti bu barədə məlumat yayıb.
Nəşrin əldə etdiyi məlumata görə, Moskvanın tələbləri noyabrın 10-da hazırlanmış və Əbu-Dabidə keçirilən danışıqlar zamanı Rusiya nümayəndələri tərəfindən dövriyyəyə buraxılmış sənəddə əks olunub.
Sənəddə NATO-nun daha da genişlənməsinin dayandırılması, alyansın Şərqi Avropadakı hərbi mövcudluğunun 1997-ci il səviyyəsinə qaytarılması və Ukraynaya Qərb silahlarının tədarükünün tamamilə dayandırılması tələb edilir.
Moskva həmçinin Böyük Britaniya və Fransanın nüvə silahlarının digər Avropa ölkələrinin müdafiəsi üçün istifadə edilməsinə məhdudiyyət qoyulmasını istəyir.
Bu tələblər xüsusilə NATO-nun şərq cinahında yerləşən Polşa və Baltikyanı ölkələrdə alyansın hərbi mövcudluğuna təsir göstərə bilər.
Qeyd olunur ki, Rusiya oxşar tələbləri 2021-ci ildə, Ukraynaya genişmiqyaslı hərbi müdaxilədən əvvəl də irəli sürmüşdü.
Moskvanın yenidən gündəmə gətirdiyi şərtlər Avropa ölkələrinin ciddi etirazı ilə qarşılanıb. Avropa liderləri qitənin təhlükəsizliyi ilə bağlı qərarların onların iştirakı olmadan qəbul edilməməli olduğunu bildirirlər.
Məlumata görə, bu məsələlər gələn həftə Çində keçirilməsi nəzərdə tutulan Donald Tramp və Vladimir Putin görüşü ərəfəsində gündəmə gəlib.
Hələlik tərəflər arasında Rusiyanın irəli sürdüyü tələblərlə bağlı razılıq əldə olunmayıb.
10:44 14.11.2026
Oxunuş sayı: 77