Rusiya XİN: Aİ enerji idxalına əlavə 100 milyard avro xərcləyib
Avropa İttifaqı (Aİ) 2026-cı ildə enerji resurslarının idxalına qiymət artımı səbəbindən əlavə 100 milyard avro xərcləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Biriçevski bildirib ki, Avropa İttifaqı Rusiya enerji resurslarının idxalını azaltmasına baxmayaraq, bu ölkədən tədarükü tam dayandırmayıb.
Onun sözlərinə görə, Aİ ölkələri 2022-ci ildən etibarən Rusiyadan enerji resurslarının alınmasına ümumilikdə 320 milyard dollar xərcləyib.
Diplomat Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin açıqlamasına istinad edərək bildirib ki, 2026-cı ildə enerji idxalı ilə bağlı əlavə xərclər 100 milyard avroya çatıb.
Biriçevski Rusiyanın qlobal enerji bazarının əsas iştirakçılarından biri olduğunu vurğulayıb.
O qeyd edib ki, Rusiya təbii qaz ehtiyatlarına görə dünyada birinci, hasilatına görə isə ikinci yerdədir.
Diplomatın fikrincə, qlobal qaz istehlakının artdığı şəraitdə Rusiyanı beynəlxalq enerji bazarından təcrid etmək mümkün deyil.
Qeyd edək ki, Ursula fon der Lyayen oktyabrın 6-da Avropa Parlamentində çıxışı zamanı Yaxın Şərqdə müharibənin başlanmasından sonra idxal olunan neft, qaz və digər fosil yanacaqlara çəkilən əlavə xərclərin 100 milyard avroya çatdığını açıqlayıb.
Avropa Komissiyasının rəhbəri enerji qiymətlərinin artmasını idxaldan asılılığın nəticəsi kimi qiymətləndirərək bərpa olunan və nüvə enerjisinə investisiyaların genişləndirilməsinin vacibliyini vurğulayıb.
12:37 14.11.2026
Oxunuş sayı: 31