İstanbulda aslan təşvişi: Sakinlərə evdən çıxmamaq xəbərdarlığı edilib
Türkiyənin İstanbul şəhərində dişi aslan olduğu ehtimal edilən heyvanın yaşayış məntəqəsi yaxınlığında görünməsi təşvişə səbəb olub. Heyvanın tutulması üçün genişmiqyaslı axtarış əməliyyatına başlanılıb.
Crossmedia.az xəbər verir ki, “Anadolu” agentliyi bu barədə məlumat yayıb.
Noyabrın 22-də axşam saatlarında İstanbulun Sarıyer rayonunun Uskumruköy məhəlləsində yaşayan sakinlərdən biri aslan gördüyünü bildirərək jandarmaya müraciət edib.
Ərazidəki təhlükəsizlik kameralarının görüntülərində də dişi aslana bənzəyən heyvanın hərəkət etdiyi qeydə alınıb.
Hadisə yerinə jandarma, polis, bələdiyyə və Təbiəti Mühafizə və Milli Parklar İdarəsinin əməkdaşları cəlb olunublar.
Termal kameralarla təchiz edilmiş pilotsuz uçuş aparatlarından istifadə edən qruplar heyvanın meşəlik ərazidəki yerini müəyyənləşdiriblər.
Mütəxəssislər aslanı zərər vermədən tutmaq üçün keyidici preparatdan istifadə etməyə çalışsalar da, cəhd uğursuz olub. Bundan sonra heyvan yenidən gözdən itib.
Təhlükəsizlik məqsədilə ərazidə bəzi yollar bağlanıb, sakinlərə evlərindən çıxmamaq barədə xəbərdarlıq edilib.
Rəsmilər bildiriblər ki, əsas məqsəd heyvanı sağ və xəsarət yetirmədən ələ keçirməkdir.
Noyabrın 23-də günorta saatlarına olan məlumata əsasən, axtarış əməliyyatı davam edib.
Heyvanın haradan gəldiyi və kimə məxsus olduğu hələlik müəyyənləşdirilməyib.
16:41 23.11.2026
Oxunuş sayı: 46