Dünyada ciddi böhran gözlənilir: Azərbaycan hazırdır?
Son dövrlər ABŞ və Avropa ölkələrində artan təhlükəsizlik narahatlıqları, mümkün hərbi qarşıdurmalar və qlobal böhran ssenariləri fonunda vətəndaşların fövqəladə vəziyyətlərə hazırlığı məsələsi yenidən gündəmə gəlib. Bir sıra ölkələrdə əhaliyə ərzaq, içməli su, generator, batareya, fənər və digər zəruri ləvazimatları ehtiyatda saxlamaq tövsiyə olunur. Hətta mümkün bank və kommunikasiya problemləri nəzərə alınaraq evdə nağd pul saxlamağın vacibliyi də vurğulanır.
Bəs dünyada baş verən bu proseslər daha böyük hadisələrin və qlobal böhranın xəbərçisidirmi? İnsanları belə ehtiyat tədbirləri görməyə sövq edən əsas səbəb nədir? Azərbaycan vətəndaşları da təşvişə düşərək ərzaq və digər zəruri məhsulları ehtiyatda toplamalıdırmı, yoxsa bu məsələyə daha təmkinli yanaşmaq lazımdır?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Azad İsazadə qeyd edib ki, bu istiqamətdə internetdə kifayət qədər məlumatlar var: “Bir sıra Avropa ölkələri öz vətəndaşlarına fövqəladə hallar zamanı ən azı üç günlük, bir həftəlik, hətta bəzi hallarda bir aylıq su və ərzaq ehtiyatı, batareyalar, fənərlər və digər zəruri vasitələr saxlamağı tövsiyə edir. Ümumiyyətlə, bu gün dünya kifayət qədər qeyri-müəyyən vəziyyətdədir və heç kim qarşıdakı dövrdə hansı hadisələrin baş verəcəyini dəqiq bilmir. Son vaxtlar mümkün nüvə qarşıdurması, xüsusilə Trampın İrana qarşı nüvə silahından istifadə edə biləcəyi ilə bağlı müzakirələr, eləcə də müxtəlif kiberm hücumlar barədə məlumatlar yayılır. Bank sistemlərinə, ərzaq mağazalarına, soyuducu və digər infrastrukturlara qarşı mümkün hücumlar da ciddi narahatlıq doğurur. İnkişaf etmiş ölkələr ehtimal olunan böhranlara hazırlaşmağa çalışır. Hətta vətəndaşlara evdə müəyyən qədər nağd pul saxlamaq tövsiyə olunur. Çünki bank sistemləri və kompüter şəbəkələri fəaliyyətini dayandırarsa, bank kartlarından istifadə də mümkün olmaya bilər. Lakin bu məsələyə Azərbaycanın təcrübəsi prizmasından da baxmaq lazımdır. Müasir texnologiyalar ölkəmizdə də geniş yayılıb, maaşlar əsasən bank kartları vasitəsilə ödənilir, elektrik enerjisi və istilik təchizatında əvvəlki dövrlərlə müqayisədə ciddi irəliləyiş var. Ancaq gəlin, cəmi 15-20 il əvvələ nəzər salaq. Həmin dövrdə demək olar ki, hər evdə ehtiyat şam, kibrit, kerosin və ya neft lampası üçün yanacaq saxlanılırdı. 1990-cı illərdə İrandan, Çindən və Koreyadan gətirilən akkumulyatorlu fənərlər var idi. Onların həm otağı işıqlandırmaq, həm də radio dinləmək funksiyası mövcud idi. Elektrik enerjisi kəsiləndə insanlar məhz bu vasitələrdən istifadə edirdilər. Bu gün həmin cihazların çoxu sıradan çıxsa da, o dövrün insanlarında fövqəladə vəziyyətlərə hazırlıq vərdişi formalaşmışdı”.

Ekspert qeyd edib ki, su məsələsində də vəziyyət oxşar idi: “Bir çox mənzildə ehtiyat su çənləri, yəni baklar olurdu. Su verildikdə insanlar ilk növbədə həmin çənləri doldurur, sonra digər işlərini görürdülər. Bu baxımdan hesab edirəm ki, Azərbaycan cəmiyyətində məişət böhranlarına psixoloji və praktiki hazırlıq baxımından müəyyən təcrübə mövcuddur. Təbii ki, Bakı kimi böyük şəhərlərdə daha ciddi çətinliklər yarana bilər. Çoxmərtəbəli binalar, liftlər, elektron parkinq sistemləri və internetdən asılı olan xidmətlər hər hansı fövqəladə vəziyyət zamanı əlavə problemlərə səbəb ola bilər. Ancaq paytaxtdan kənara, bölgələrə nəzər salsaq, bir çox evdə hələ də ehtiyat şam, kibrit, batareya, fənər, un, şəkər, duz və digər zəruri məhsullar tapmaq mümkündür. Bu o demək deyil ki, Azərbaycan belə böhranlardan tam sığortalanıb. Əlbəttə, hər hansı ciddi problem yarana bilər. Sadəcə, düşünürəm ki, cəmiyyətimizin əvvəlki çətin dövrlərdən qazandığı təcrübə belə vəziyyətlərdə müəyyən üstünlük yarada bilər. Biz özümüz həmin çətinlikləri yaşamışıq, yaşamayan nəsillər isə bunu valideynlərindən eşidib və müəyyən təcrübəni mənimsəyiblər.
Ona görə də mümkün fövqəladə vəziyyətlərə hazırlıqlı olmaq vacibdir, lakin panikaya qapılmağa ehtiyac yoxdur. Zəlzələ, təbii fəlakət və ya digər fövqəladə hadisələr zamanı elektrik, qaz və su təchizatında fasilələr yarana bilər. Belə hallarda əsas məsələ soyuqqanlılığı qorumaq, mövcud imkanlardan düzgün istifadə etmək və yaranmış vəziyyətdən çıxış yolları axtarmaqdır. Panikaya düşmədiyimiz təqdirdə, ən çətin vəziyyətlərdə belə çıxış yolu tapmaq mümkündür”.
Ayhan
15:00 21.11.2026
Oxunuş sayı: 36