Avropa İttifaqı Ukraynaya rekord məbləğdə maliyyə yardımı ayırıb
Avropa Komissiyası Ukraynaya 7,9 milyard avro məbləğində maliyyə yardımı köçürüb. Bu, “Ukraine Facility” proqramı çərçivəsində indiyədək həyata keçirilən ən böyük birdəfəlik ödənişdir.
Crossmedia.az xəbər verir ki, Avropa Komissiyası bu barədə rəsmi məlumat yayıb.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bildirib ki, Brüssel Ukraynanın Avropaya inteqrasiya yolunda irəliləyişini dəstəkləməyə davam edəcək.
“Bu gün təxminən 8 milyard avro ayırırıq. Bu, indiyədək həyata keçirilmiş ən böyük ödənişdir”, – deyə fon der Lyayen vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna müharibə şəraitində olmasına baxmayaraq, islahatların həyata keçirilməsini davam etdirir.
Avropa Komissiyasının rəhbəri qeyd edib ki, islahatlar istiqamətində real irəliləyiş konkret nəticələr verir və Kiyev Avropaya inteqrasiya prosesində Aİ-nin dəstəyinə arxalana bilər.
Məlumata əsasən, noyabrın 20-də ayrılan vəsait Ukraynanın maliyyə ehtiyaclarının qarşılanmasına, dövlət qurumlarının fəaliyyətinin təmin edilməsinə və iqtisadi sabitliyin qorunmasına yönəldiləcək.
Bu, “Ukraine Facility” proqramı çərçivəsində Ukraynaya ayrılan doqquzuncu maliyyə tranşıdır. Son ödənişlə birlikdə proqram üzrə Kiyevə göstərilən ümumi dəstək 40 milyard avroya çatıb.
14:50 21.11.2026
Oxunuş sayı: 46