Tramp: Putin bir günə bitməli olan müharibəni davam etdirir
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin Ukraynada bir gün davam etməli olduğunu düşündüyü müharibəni artıq beş ilə yaxındır apardığını bildirib.
Crossmedia.az xəbər verir ki, “Ukrainska Pravda” nəşri bu barədə məlumat yayıb.
Tramp noyabrın 20-də Ağ Evdə keçirdiyi mətbuat konfransında Rusiya-Ukrayna müharibəsinin gedişini şərh edib.
“Putin hazırda çətin vəziyyətdədir. Çünki o, cəmi bir gün davam etməli olan, lakin artıq beş ildir sürən müharibə aparır”, – deyə ABŞ Prezidenti bildirib.
Tramp müharibənin iki il əvvəl də başa çata biləcəyini iddia edib. Onun fikrincə, sülh razılaşmasının əldə olunmasına mane olan əsas amillərdən biri Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasındakı kəskin şəxsi münasibətlərdir.
“Əgər Zelenski ilə Putin arasında bir-birlərinə qarşı bu qədər güclü nifrət olmasaydı, hər şey iki il əvvəl həll edilərdi”, – deyə o vurğulayıb.
ABŞ Prezidenti münaqişənin diplomatik yolla həllinə ümid etdiyini də bildirib.
Trampın sözlərinə görə, Putin onunla keçirdiyi görüşdə müharibənin diplomatik vasitələrlə başa çatdırılmasında maraqlı olduğunu ifadə edib.
Bununla belə, Rusiya ilə Ukrayna arasında sülh razılaşmasının əldə olunması istiqamətində danışıqların çətin keçdiyini qeyd edib.
15:00 21.11.2026
Oxunuş sayı: 41