Moskva Ermənistanda zəifləyən təsir imkanlarını Gürcüstanda bərpa etməyə çalışır - Politoloq
Gürcüstan və Rusiya arasında münasibətlərin normallaşdırılması istiqamətində yeni diplomatik təmas baş tutub. Belə ki, Minskdə Gürcüstan Baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Giorgi Zurabaşvili ilə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin arasında ilk görüş keçirilib. Tərəflər bir sıra praktiki razılaşmalar əldə edib və dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.
Bu görüş Gürcüstan-Rusiya münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilərmi? Əldə olunan razılaşmalar hansı siyasi və geosiyasi əsaslara söykənir? Tbilisinin Moskva ilə yaxınlaşması Rusiyanın artan təzyiqlərinin nəticəsidir, yoxsa Gürcüstan hakimiyyətinin öz siyasi maraqlarından irəli gələn məcburi seçimidir?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Turab Rzayev qeyd edib ki, İrakli Kobaxidzenin rəhbərlik etdiyi hakimiyyət ilk gündən Rusiya ilə münasibətlərin normallaşdırılması istiqamətində mövqe nümayiş etdirib: “Onun baş nazir kimi fəaliyyətə başladığı dövrdə də bu məsələ ətrafında ciddi müzakirələr yaranmışdı. Gürcüstan hakimiyyəti Avropa İttifaqı ilə inteqrasiya prosesinə münasibətdə mövqeyini dəyişərək Şərq istiqamətində, xüsusilə Rusiya və Çinlə münasibətlərin inkişafına üstünlük verən siyasət yürütməyə başladı. Bu baxımdan, Rusiya ilə münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar təəccüblü deyil. Tərəflər arasında aviareyslər bərpa olundu, iqtisadi əlaqələr genişləndi və Rusiya əleyhinə sərt siyasi ritorika xeyli yumşaldıldı. Artıq Gürcüstan hakimiyyətinin əvvəlki dövrlərdə olduğu kimi, Rusiyaya qarşı açıq və sərt ittihamlarla çıxış etmədiyini müşahidə edirik. Eyni zamanda, Tbilisi Moskva ilə birbaşa qarşıdurmadan yayınmağa çalışır”.

Politoloq qeyd edib ki, faktiki olaraq, Gürcüstan Avropa İttifaqına üzvlük prosesini ən azı müəyyən müddətə dayandırıb: “Avropa ilə münasibətlərdə ciddi gərginlik yaranıb və Gürcüstan hakimiyyəti vaxtaşırı Avropa İttifaqını ölkənin daxili işlərinə müdaxilə etməkdə ittiham edir. Xarici təsirin şəffaflığı haqqında qanun bu ziddiyyətlərin bariz nümunələrindən biridir. Müxalifət həmin qanunu “Rusiya qanunu” adlandırırdı. Avropa İttifaqı da öz növbəsində Gürcüstan hakimiyyətini Rusiya ilə yaxınlaşmaqda və Moskva ilə əməkdaşlığı genişləndirməkdə ittiham edir. Ukrayna, Polşa və Baltikyanı ölkələr də Tbilisinin siyasətinə tənqidi yanaşaraq Gürcüstanı Rusiyanın maraqlarına xidmət etməkdə, Moskvanın təsir dairəsinə qayıtmaqda və Ukraynadan uzaqlaşmaqda günahlandırırlar. Bununla belə, Gürcüstan hakimiyyətinin Rusiyaya münasibətdə əvvəlki sərt mövqeyindən uzaqlaşdığı aydın görünür. Təbii ki, iki ölkə arasında həlli kifayət qədər mürəkkəb olan məsələlər də mövcuddur. Xüsusilə Abxaziya və Cənubi Osetiya problemləri münasibətlərin normallaşması qarşısında əsas maneələrdən biri olaraq qalır. Rusiya bu əraziləri müstəqil dövlətlər kimi tanıyır və Gürcüstanla həmin bölgələr arasında dialoqun qurulmasını təklif edir. Gürcüstan hakimiyyəti isə Rusiya ilə münasibətlərin yaxınlaşmasının gələcəkdə bu ərazilərin ölkənin tərkibinə qaytarılması üçün müəyyən şərait yaradacağına ümid edir. Lakin Rusiyanın xarici işlər naziri Sergey Lavrov da açıq şəkildə bildirib ki, bu məsələləri Gürcüstan özü həll etməlidir. Beləliklə, ərazi bütövlüyü məsələsində ciddi fikir ayrılıqları qalsa da, iqtisadi və digər siyasi istiqamətlərdə Rusiya-Gürcüstan münasibətlərinin normallaşma xətti üzrə inkişaf edəcəyini düşünürəm. Həm Moskvanın, həm də Tbilisinin açıqlamalarında bu istiqamətdə müəyyən siyasi iradə müşahidə olunur. Burada diqqət çəkən digər mühüm məqam Rusiyanın Cənubi Qafqazda mövqelərini yenidən möhkəmləndirmək cəhdləridir. Hazırda Ermənistanda ABŞ və Avropa İttifaqının təsiri, Qərbyönümlü siyasi qüvvələrin fəallığı artır. Gürcüstanda isə bunun əksinə olaraq, Rusiya ilə yaxınlaşma meyilləri müşahidə olunur. Belə bir mənzərə yaranır ki, Moskva Ermənistanda zəifləyən mövqelərini Gürcüstan vasitəsilə müəyyən mənada kompensasiya etməyə çalışır. Hesab edirəm ki, Gürcüstanda Rusiyanın təsir imkanlarının genişlənməsi, eləcə də Ukrayna məsələsi ətrafında Moskvanın diplomatik və siyasi fəallığının artması bütövlükdə Cənubi Qafqazda Rusiya faktorunun yenidən güclənməsinə səbəb ola bilər. Əgər Rusiya Ukrayna ilə bağlı danışıqlarda qarşıya qoyduğu məqsədlərə nail olsaydı və Kiyevi öz şərtləri əsasında razılaşmaya məcbur edə bilsəydi, bu, Moskvanın Cənubi Qafqaz və Mərkəzi Asiyada daha fəal siyasət yürütməsi üçün əlavə imkanlar yarada bilərdi. Lakin hazırkı mərhələdə Rusiya Ukrayna istiqamətində istədiyi nəticələri əldə edə bilməyib.
İndiki şəraitdə Cənubi Qafqazda geosiyasi reallıqların hansı istiqamətdə dəyişəcəyini və Rusiyanın mövqelərini nə dərəcədə gücləndirə biləcəyini dəqiq söyləmək çətindir. Ancaq ən azı Moskvanın Ermənistanda zəifləyən təsir imkanlarını Gürcüstanda bərpa etməyə çalışdığı müşahidə olunur. Bu, Rusiyanın regionda həyata keçirməyə çalışdığı siyasətin mühüm istiqamətlərindən biri kimi görünür”.
Ayhan
16:00 21.11.2026
Oxunuş sayı: 52