İran nüvə silahlarının yayılmaması müqaviləsindən çıxa bilər
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Əbülfəzl Zöhrəvənd ölkəsinin faktiki olaraq Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən (NPT) və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlıq çərçivəsindən kənarda qaldığını iddia edib.
Crossmedia.az xəbər verir ki, “TASS” agentliyi bu barədə məlumat yayıb.
Deputat bildirib ki, İranın nüvə obyektlərinə endirilən zərbələr və ölkənin nüvə alimlərinin öldürülməsi Tehran üçün mövcud beynəlxalq mexanizmlərin etibarlılığını sual altına qoyub.
“Mən hesab edirəm ki, biz faktiki olaraq artıq NPT-dən kənarda qalmışıq. Bu, çox mühüm məqamdır. Artıq heç nə elan etməyimizə ehtiyac yoxdur, sadəcə qərar qəbul edə bilərik”, – deyə Zöhrəvənd bildirib.
Onun sözlərinə görə, İran cəmiyyəti ölkənin nüvə silahlarının yayılmaması haqqında müqavilədən çıxmasını dəstəkləyə bilər.
“Düşünürəm ki, ictimaiyyətimiz bu mülahizələri nəzərə alaraq NPT-dən çıxmaq qərarını tam dəstəkləyəcək”, – deyə deputat vurğulayıb.
Zöhrəvənd MAQATE rəhbərliyini də sərt tənqid edib.
“MAQATE-nin baş direktoru sənədlərimizi və məlumatlarımızı NPT-nin iştirakçısı olmayan İsrailə ötürürsə, bu, agentliyin də bizə qarşı qılınc çəkdiyini göstərir”, – deyə o iddia edib.
Qeyd edək ki, deputatın açıqlaması İranın NPT-dən rəsmən çıxması demək deyil. Ölkənin müqavilədən çıxması ilə bağlı rəsmi qərar açıqlanmayıb.
İranla MAQATE arasında nüvə obyektlərinə nəzarət və beynəlxalq yoxlamaların həyata keçirilməsi məsələləri üzrə fikir ayrılıqları davam edir.
15:59 21.11.2026
Oxunuş sayı: 51