Xaqani Şirvaninin 900 illik irsi elmi konfransda müzakirə olunub
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d. Tünzalə Seyfullayeva 17-18 noyabr 2026-cı il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) keçirilmiş “Şərq intibah poeziyasının Xaqanı” adlı Respublika elmi-praktik konfransda iştirak edib.
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş konfransda əməkdaşımız “İbrahim Tahir Musayevin tərcüməçilik fəaliyyətində Xaqani Şirvani irsi” mövzusunda məruzə edib, çıxışında Qarabağ ədəbi mühitinin istedadlı şairi, tərcüməçi, maarifçi ziyalı İbrahim Tahir Musayevin tərcüməçilik fəaliyyətində Əfzələddin Xaqani Şirvani irsinin mühüm yer tutduğunu qeyd edib. İ.T.Musayevin Xaqanidən etdiyi tərcümələrin avtoqraf əlyazmasının AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda B-5158 şifrəsi altında (Əfzələddin Xaqani “Şeirlər” adı ilə) mühafizə olunduğunu diqqətə çatdıran alim mütərcimin Xaqani şeirlərinin klassik poetik formasına, vəzninə və janr xüsusiyyətlərinə sadiq qalmağa çalışdığını, eyni zamanda mətni oxucu üçün anlaşıqlı və emosional bir dildə təqdim etdiyini vurğulayıb. Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb, verilən suallar cavablandırılıb.
Konfransda mövzuya dair bir sıra elmi məruzələr də təqdim olunub ki, məruzələrdə şairin həyat və yaradıcılığının müxtəlif aspektləri, ədəbi irsinin səciyyəvi xüsusiyyətləri və Şərq ədəbiyyatının inkişafında rolu diqqətə çatdırılıb.
Konfrans çərçivəsində T.Seyfullayeva geniş və əhatəli çıxışına görə təşkilatçı qurumların sertifikatına layiq görülüb.
Qeyd edək ki, konfrans Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti, universitetin Filologiya fakültəsi və Şamaxı filialının birgə təşkilatçılığı ilə həyata keçirilib.
14:14 21.11.2026
Oxunuş sayı: 48