Ana ölümlərinə qarşı mübarizədə əsas boşluqlar - AÇIQLAMA
Azərbaycanda ana ölümləri ilə bağlı açıqlanan statistika hamiləlik və doğuş
zamanı qadınların sağlamlığının qorunması məsələsini yenidən gündəmə gətirir.
Ötən il ölkədə 26 ana ölümü faktının qeydə alınması bu sahədə profilaktik
tədbirlərin, tibbi nəzarətin və hamilə qadınlara göstərilən xidmətlərin
keyfiyyətinin əhəmiyyətini bir daha ortaya qoyur. Xüsusilə şəhər və kənd
əraziləri üzrə göstəricilərdə müşahidə olunan fərqlər diqqət çəkir. Belə ki,
şəhərlərdə hər 100 min diridoğulana düşən ana ölümü göstəricisi bir il ərzində
12-dən 22-yə yüksəldiyi halda, kənd yerlərində 43-dən 32-yə enib.
Bu fərqlər ana ölümlərinin səbəblərinin və risk amillərinin daha dərindən
araşdırılmasını zəruri edir. Çünki hamiləlik dövründə qadının sağlamlıq
vəziyyəti, əvvəldən mövcud olan xroniki xəstəliklər, qan təzyiqi, ürək-damar
problemləri, qanazlığı və digər yanaşı xəstəliklər hamiləliyin gedişinə ciddi
təsir göstərə bilər. Bəzən qadın hamiləlikdən əvvəl sağlamlığındakı
problemlərdən xəbərsiz olur və risklər yalnız hamiləlik dövründə üzə çıxır. Bu
baxımdan hamiləliyin planlaşdırılması və mütəmadi tibbi müayinələr xüsusi
əhəmiyyət daşıyır.
Digər mühüm məsələ isə qadınların hamiləlik boyunca tibbi nəzarətdə olması
və təhlükəli əlamətlərə vaxtında reaksiya verilməsidir. Yüksək təzyiq, güclü
qanaxma, ürək-damar və digər ağırlaşmalar vaxtında aşkarlanmadıqda ciddi
nəticələrə səbəb ola bilər. Eyni zamanda, doğuşdan sonrakı dövr də diqqətdən
kənarda qalmamalıdır. Ana sağlamlığına nəzarət yalnız doğuşla yekunlaşmamalı, qadının
sonrakı vəziyyəti də mütəxəssislər tərəfindən izlənilməlidir.
Statistikadakı şəhər və kənd fərqi isə tibbi xidmətlərin əlçatanlığı, hamilə qadınların müayinələrə vaxtında cəlb olunması, risklərin aşkarlanması və ixtisaslaşmış tibbi yardıma çıxış imkanları kimi məsələləri də gündəmə gətirir. Ana ölümlərinin qarşısının alınması üçün yalnız ağırlaşma baş verdikdən sonra müdaxilə etmək deyil, riskləri hələ hamiləlikdən əvvəl müəyyənləşdirmək və vaxtında nəzarətə götürmək vacibdir.
Crossmedia.az-a açıqlamasında ginekoloq Yeganə Əliyeva bildirib ki, ana
ölümlərinin sayının yüksək olmasının səbəbi yalnız tibbi ağırlaşmalar deyil:
“Əsas problem bu ağırlaşmaların vaxtında aşkarlanması, qarşısının alınması və düzgün idarə olunmasıdır. Postpartum qanaxma, preeklampsiya və eklampsiya, sepsis, tromboembolik hadisələr və ürək-damar xəstəlikləri ana ölümünün əsas səbəblərindəndir. Lakin bunların bir çoxu erkən risk qiymətləndirilməsi, keyfiyyətli antenatal nəzarət, düzgün doğuş idarəçiliyi, təcili obstetrik yardım və doğuşdan sonrakı müşahidə ilə önlənə bilər. Məncə, ana ölümünü azaltmaq üçün əsas məqsədimiz yalnız ağırlaşmanı müalicə etmək deyil, ağırlaşma yaranmadan riski müəyyən etmək və sistemin hər mərhələsində gecikmələri aradan qaldırmaq olmalıdır.”
Məhəbbət Tərlanoğlu
15:47 21.11.2026
Oxunuş sayı: 48