Zelenski: Rusiya Ukraynanın körpülərinə 109 dəfə hücum edib
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusunun ölkəsindəki körpülərə 109 dəfə hücum etdiyini bildirərək Krım körpüsünə endirilən zərbələri bu hücumlara cavab adlandırıb.
Crossmedia.az xəbər verir ki, “İnterfaks-Ukrayna” agentliyi bu barədə məlumat yayıb.
Zelenskinin sözlərinə görə, Rusiya qüvvələri Ukraynanın körpülərinə raket və pilotsuz uçuş aparatları ilə dəfələrlə zərbələr endiriblər.
“Putin Ukraynanın körpülərinə 109 dəfə hücum edib. Bir dəfə yox, iki dəfə yox, düz 109 dəfə. Buna görə də Krım körpüsünə hücumumuz bizim ədalətli cavabımızdır”, – deyə Ukrayna lideri bildirib.
Zelenski Rusiyanın Ukraynanın nəqliyyat infrastrukturunu, o cümlədən dəmir yollarını və körpülərini hədəfə aldığını vurğulayıb.
O, Krım körpüsünü Ukrayna üçün qanuni hərbi hədəf hesab etdiyini də bildirib.
Ukrayna Prezidenti daha əvvəl Rusiyanın dövlət başçısı Vladimir Putinin Krım körpüsünün salamat qalmayacağını anlamalı olduğunu söyləyib.
“Putin başa düşməlidir ki, bu körpü istənilən halda salamat qalmayacaq”, – deyə Zelenski vurğulayıb.
16:20 21.11.2026
Oxunuş sayı: 46