Polşa Rusiyanın raketlərini Ukrayna üzərində vurmağa hazırlaşır?
Polşa Rusiya raketlərinin NATO ölkələrinin hava məkanına yaxınlaşdığı təqdirdə Ukrayna ərazisi üzərində vurulmasını özünümüdafiə tədbiri kimi qiymətləndirir.
Crossmedia.az xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski Polşanın ictimai radio və televiziya yayımçısına müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, Rusiya raketlərinin Polşanın hava məkanına yaxınlaşması ölkə üçün təhlükə yaradır. O qeyd edib ki, Ukrayna dəfələrlə Polşadan öz ərazisi üzərində təhlükə yaradan obyektlərin vurulmasını xahiş edib.
Sikorski vurğulayıb ki, raketlərin vurulması onların tamamilə yox olması demək deyil. Belə ki, raket qalıqları yerə düşərək insanlara və əmlaka zərər vura bilər.
Polşa XİN rəhbərinin fikrincə, ölkənin hava məkanına yaxınlaşan Rusiya raketi və ya pilotsuz uçuş aparatı artıq birbaşa təhlükə hesab olunur. O, Kiyevin müraciəti əsasında Rusiya raketlərinin Ukrayna ərazisi üzərində vurulmasının özünümüdafiə anlayışına uyğun gəldiyini bildirib.
Qeyd edək ki, noyabrın 25-də “Bloomberg” agentliyi mənbələrinə istinadən Polşanın NATO müttəfiqlərindən Ukrayna üzərindən NATO ölkələrinin ərazisinə doğru hərəkət edən Rusiya raketlərinin ələ keçirilməsi imkanını araşdırmağı xahiş etdiyini yazıb.
Bundan əvvəl, noyabrın 20-də Polşa hakimiyyəti ölkənin hava məkanının pozulduğunu açıqlayıb. Lyublin dairə prokurorluğu Polşa ərazisinə üç raketin düşdüyünü bildirib. Baş nazir Donald Tusk isə hadisədə Rusiyanı ittiham edib.
19:18 25.11.2026
Oxunuş sayı: 60