İlqar İlkin: Mübariz Əhmədoğlu İrana işləyir
Jurnalist, siyasi şərhçi Mübariz Əhmədoğlunun son günlər Gürcüstanda yaşayan azərbaycanlılar, xüsusilə Borçalı əhalisi ilə bağlı səsləndirdiyi fikirlər ciddi ictimai narazılığa və müzakirələrə səbəb olub. Onun “Ar olsun Borçalıda yaşayan kişilərə” ifadəsi bütöv bir bölgənin əhalisinə qarşı təhqir kimi qiymətləndirilib və Borçalı ziyalılarının, ictimai birliklərin etirazına səbəb olub.
Mübariz Əhmədoğlu isə sonrakı açıqlamasında fikirlərinin kontekstdən çıxarıldığını bildirib. O, Borçalıda İranın ideoloji və dini təsirlərinin artmasından narahatlığını ifadə etdiyini, məqsədinin bölgə insanlarını təhqir etmək olmadığını iddia edib. Bununla belə, səsləndirdiyi fikirlərdən geri çəkilmək niyyətində olmadığını da vurğulayıb.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən əslən Borçalıdan olan jurnalist İlqar İlkin qeyd edib ki, Mübariz Əhmədoğlunun səsləndirdiyi fikirlərdə müəyyən həqiqət payı var: “Biz də zaman-zaman İranın Borçalıda fəaliyyət göstərməsi və təsir imkanlarını genişləndirməyə çalışması məsələsini gündəmə gətirmişik. Lakin Mübariz Əhmədoğlu bu məsələni həddindən artıq şişirdir və böyük pafosla bütövlükdə Borçalı əhalisinin adına danışmağa çalışır. Burada, ilk növbədə, məsələnin zamanlamasına diqqət yetirmək lazımdır. Borçalıda uzun illərdir müəyyən problemlər, hətta ciddi çətinliklər mövcuddur. Ancaq Mübariz Əhmədoğlu indiyədək bu məsələlərlə bağlı ciddi şəkildə danışmayıb. Bəs niyə məhz indi, uzun müddət proseslərdən kənarda qaldıqdan sonra qəfil gündəmə gəlir? Bu sual üzərində düşünmək lazımdır. İlk baxışdan belə görünə bilər ki, Mübariz Əhmədoğlu Borçalıda yaşayan soydaşlarımızın problemlərinə görə narahatlıq keçirir və Azərbaycan mövqeyindən çıxış edərək İranın bölgədəki fəaliyyətini tənqid edir. Ancaq məsələyə daha geniş kontekstdə yanaşmaq lazımdır. O, məhz Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsində tikinti işlərinə başlanıldığı dövrdə bu mövzunu aktuallaşdırır. Bu layihənin reallaşmasından narahat olan qüvvələr sırasında İran və Rusiyanın da olduğu məlumdur. Ona görə də Mübariz Əhmədoğlunun açıqlamalarının məhz bu zaman səsləndirilməsi müəyyən suallar doğurur. Digər mühüm məqam isə Borçalı əhalisinin hazırkı psixoloji və ictimai vəziyyəti ilə bağlıdır. Məlum olduğu kimi, quru sərhədlərin bağlı qalması orada yaşayan soydaşlarımız arasında Azərbaycana qarşı müəyyən inciklik və küskünlük yaradıb. Onlar özlərini bir növ Azərbaycandan uzaqlaşdırılmış hiss edirlər. Belə bir şəraitdə İranın bölgədə müəyyən fəaliyyətlər göstərməsi və təsir imkanlarını genişləndirməyə çalışması üçün boşluq yaranır”.
İlqar İlkin qeyd edib ki, məhz belə bir vaxtda Borçalı insanlarının ünvanına təhqiramiz və ümumiləşdirici ifadələrin işlədilməsi Azərbaycana qarşı mövcud incikliyi daha da dərinləşdirə bilər: “Halbuki bu, bizim maraqlarımıza xidmət etmir. Mübariz Əhmədoğlu ağsaqqal və yaşlı insandır. O, ən azı öz fikirlərinin bütöv bir bölgənin əhalisinə şamil edilməsinin yanlış olduğunu etiraf edə və üzr istəyə bilərdi. Məsələn, müəyyən bir qrup insanı nəzərdə tutduğunu, bütün Borçalı əhalisini ittiham etmək niyyətində olmadığını bildirə bilərdi. Ancaq o, əksinə, israrla öz mövqeyində qalır və məsələni daha da böyüdür. Mənim qənaətimə görə, burada əsas problem İranın Borçalıdakı təsir imkanlarının olduğundan daha böyük göstərilməsidir. Zəngəzur dəhlizinin açılması istiqamətində proseslərin sürətləndiyi bir vaxtda İranın bölgədəki nüfuzunun şişirdilmiş şəkildə təqdim olunması Azərbaycan cəmiyyətində əlavə narahatlıq yaradır. Beləliklə, Mübariz Əhmədoğlu istər-istəməz İranın və Rusiyanın maraqlarına uyğun nəticələrin ortaya çıxmasına xidmət etmiş olur. Mən əvvəllər düşünürdüm ki, Mübariz Əhmədoğlu bu ifadələrinə görə üzr istəyə bilər. Ancaq sonrakı açıqlamalarından belə qənaətə gəlirəm ki, o, geri çəkilmək niyyətində deyil. Əgər insan öz fikrini sərbəst şəkildə ifadə edirsə, bütöv bir bölgənin əhalisinə qarşı belə münasibət sərgiləməyin yanlış olduğunu anlamalıdır. Axı mənim öz qohumlarım, yaxınlarım, qardaşlarım Gürcüstanda yaşayır. Onların İranla heç bir əlaqəsi yoxdur. Min il keçsə belə, İran orada müxtəlif sosial və dini fəaliyyətlər həyata keçirsə də, Borçalı əhalisinin bütövlükdə bu ölkəyə yaxınlaşacağını düşünmürəm. Bizim İranla bizi birləşdirən ortaq məqamlarımız yoxdur. Tarixən İranı Azərbaycanın tarixi torpaqlarına, dövlətçilik və milli-mənəvi dəyərlərinə zərər vurmuş qüvvə kimi qəbul etmişik. Əlbəttə, İranın Borçalıda müəyyən sayda tərəfdarları və dini-ideoloji təsirinə məruz qalan qruplar mövcud ola bilər. Bu reallığı inkar etmək olmaz. Ancaq əsas məsələ həmin insanları necə öz milli kimliyimizə, Azərbaycanla bağlılığa daha sıx cəlb etməkdir. Bunun üçün konkret fəaliyyət göstərməliyik. Burada Azərbaycan və Türkiyənin də üzərinə düşən vəzifələr var. Özümüzə sual verməliyik: indiyədək Borçalıda hansı işləri görmüşük? Hansı boşluqları buraxmışıq ki, İran bu imkanlardan istifadə edərək bölgədə fəallaşa bilir? Hesab edirəm ki, əsas diqqətimizi məhz bu suallara yönəltməliyik. Borçalıda daha sistemli, keyfiyyətli və nəticəyönümlü işlər görülməlidir. Bu işi bilən, bölgənin reallıqlarını yaxından tanıyan insanlara etibar etmək lazımdır. Mübariz Əhmədoğlunun açıqlamalarında diqqət çəkən başqa bir məqam da onun Borçalı bölgəsində şəxsən olmaması ilə bağlıdır. Əgər o, bölgədəki vəziyyətlə bağlı araşdırmalar apardığını və hesabatlar hazırladığını deyirsə, həmin hesabatları ictimaiyyətə təqdim etməlidir. Mən də son günlər bu məsələni xüsusi olaraq gündəmə gətirmişəm. Həmin hesabatları oxumaq, orada hansı faktların və məlumatların əks olunduğunu görmək istəyirəm. Borçalıda vəziyyətin həqiqətən də təqdim edildiyi qədər acınacaqlı olub-olmadığını bilmək bizim də haqqımızdır. Eyni zamanda, bir sual da ortaya çıxır: bu hesabatlar kimə təqdim olunur və hansı mənbələr əsasında hazırlanır? Mənim qənaətimcə, bu məlumatların hazırlanma metodologiyası və istinad edilən mənbələr açıqlanmalıdır. Mübariz Əhmədoğlu tez-tez Amerika təşkilatlarının da bu məsələlərlə maraqlandığını vurğulayır. Halbuki ABŞ ilə İran arasında ciddi geosiyasi qarşıdurma mövcuddur. Belə bir şəraitdə İranın Borçalıdakı fəaliyyətini hansı kontekstdə təqdim etməyin özü də əhəmiyyətlidir. Problemi araşdırmadan, bölgənin insanlarının mövqeyini öyrənmədən onların adından danışmaq və bütöv bir el-obanın nüfuzuna xələl gətirmək yolverilməzdir. Əgər Mübariz Əhmədoğlu həqiqətən də bölgənin problemlərini araşdırmaq istəyirsə, Borçalıya getməli, orada yaşayan insanlarla görüşməli, onların fikirlərini öyrənməli və konkret faktlar əsasında danışmalıdır. Sadəcə kompüter arxasında oturaraq, müxtəlif mənbələrdən, hətta süni intellekt vasitəsilə əldə edilən məlumatlara əsaslanıb bölgənin vəziyyəti haqqında qəti hökmlər vermək düzgün deyil. Xüsusilə də bu məsələləri davamlı şəkildə gündəmə gətirərək özünü Azərbaycan ictimaiyyətinə yenidən tanıtmağa çalışmaq təəssüratı yaranır. Borçalıda Azərbaycanın şirkətləri və müxtəlif dövlət qurumlarının fəaliyyət istiqamətləri mövcuddur. Həmin qurumların da bölgədəki vəziyyətlə bağlı məlumatları və hesabatları olmalıdır. Əgər orada ciddi problemlər yaranırsa, Azərbaycan dövləti mövcud imkanları çərçivəsində müvafiq addımlar atmalıdır. Biz də Azərbaycan dövlətindən məhz bunu gözləyirik. Digər narahatedici məsələ isə Borçalıda dini kimliyin ön plana çəkilməsi, milli kimliyin isə müəyyən mənada arxa plana keçirilməsidir. Son illərdə Gürcüstanda yaşayan soydaşlarımızın “Gürcüstan türkləri”, “Borçalı türkləri”, “Qarapapaq türkləri” kimi ayrıca etnik adlarla təqdim olunması hallarına da diqqət yetirmək lazımdır. Hesab edirəm ki, bu yanaşmanın arxasında Borçalı azərbaycanlılarını ümumi Azərbaycan kimliyindən uzaqlaşdırmaq və onları ayrıca etnik qrup kimi təqdim etmək cəhdləri dayana bilər. Vaxtilə Axısqa türklərinin ayrıca kimlik müstəvisində təqdim olunması ilə bağlı prosesləri də xatırlamaq lazımdır”.
Ekspert bildirib ki, bu istiqamətdəki tendensiyalara diqqətlə yanaşmalı və milli birliyimizin zəifləməsinə imkan verməməliyik: “Bizim üzümüzü Azərbaycana, mənəvi bağlılığımız Azərbaycana doğrudur. Azərbaycanın səhvləri də, doğruları da ola bilər, lakin biz özümüzü bu dövlətin və xalqın ayrılmaz hissəsi hesab edirik. Azərbaycandan gözləntilərimiz də məhz bu bağlılıqdan irəli gəlir. Məsələn, Borçalıda fəaliyyət göstərən 116 Azərbaycan dilli məktəb var. Bu məktəblərin dərsliklərlə və tədris materialları ilə təmin olunması Azərbaycan dövlətinin dəstəyi baxımından mühüm məsələdir. Həmin təhsil ocaqları Azərbaycan dilində tədrisin qorunub saxlanılmasına xidmət edir. Hesab edirəm ki, Azərbaycan dövləti bu sahədə mövcud boşluqları vaxtında və operativ şəkildə doldurmalıdır ki, kənar təsirlər həmin imkanlardan istifadə edə bilməsin. Bir məqam da xüsusilə düşündürücüdür: Türkiyə ilə Azərbaycan arasında yerləşən Gürcüstanda İranın təsir imkanlarını genişləndirməyə çalışdığı bir vaxtda bizim bölgədəki fəaliyyətimiz nə üçün yetərli səviyyədə deyil? İranın orada fəallaşmasına şərait yaradan boşluqların aradan qaldırılması üçün konkret addımlar atılmalıdır. Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, əsas müzakirə mövzusu Borçalı əhalisini ittiham etmək deyil, bölgədəki real problemləri müəyyənləşdirmək və onların həlli yollarını tapmaq olmalıdır. Biz Borçalıda yaşayan soydaşlarımızı kənar təsirlərlə üz-üzə qoymamalı, onların milli kimliyini, dilini və Azərbaycanla mənəvi bağlılığını qorumaq üçün daha ciddi fəaliyyət göstərməliyik”.
Ayhan
19:50 25.11.2026
Oxunuş sayı: 62