Kəlbəcər Şəhəri Günü çərçivəsində “Zınqırovlu pişik” tamaşası nümayiş olunub
Mədəniyyət Nazirliyi və Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə noyabrın 25-də Kəlbəcərdə növbəti Şəhər Günü qeyd olunur.
Şəhər Günü tədbirləri çərçivəsində Gəncə Dövlət Kukla Teatrının kollektivi Əhməd Orucun “Zınqırovlu pişik” tamaşasını təqdim edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Tamaşa Kəlbəcər şəhərinin mərkəzi meydanında qurulmuş səhnədə nümayiş olunub.
Səhnə əsərinin quruluşçu rejissoru Vətən müharibəsi qazisi, Prezident mükafatçısı Şamil Məmmədli, quruluşçu rəssamı Sara Məmmədovadır.
Rolları Saleh Cümşüdlü, Elmar Vəliyev, Məhəmməd Hacıyev, Zülfiyyə Əliyeva və Nərmin Şərifova ifa edirlər.
Tamaşada anbardarın siçanlarla mübarizəsindən bəhs olunur. Müxtəlif musiqi janrlarından istifadə olunan səhnə işində birliyin həmişə real nəticələr verdiyi fikri ön plana çıxarılır.
Birliyin, həmrəyliyin səhnə təcəssümü olan tamaşa uşaqlar və valideynlər tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixində imzaladığı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamla noyabrın 25-i Kəlbəcər Şəhəri Günü elan olunub.
20:33 25.11.2026
Oxunuş sayı: 38