Rusiya Əbu-Dabidəki danışıqlarda nələri müzakirə etdiyini açıqlayıb
Rusiya ABŞ və Ukrayna nümayəndə heyətlərinə münaqişənin həlli ilə bağlı mümkün razılaşmanın çərçivəsi və Moskvanın əsas mövqeyi barədə ətraflı məlumat verib.
Crossmedia.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
Diplomatın sözlərinə görə, noyabrın 10-11-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlarda Rusiya tərəfi mövcud problemlərə dair baxışını, mümkün həll yollarını və gələcək razılaşmanın əsas çərçivəsini təqdim edib.
Ryabkov qeyd edib ki, Moskvanın danışıqlarda səsləndirdiyi mövqedə tərəfdaşlar üçün gözlənilməz heç nə olmayıb. Onun sözlərinə görə, Rusiyanın hər dəfə yeni təkliflərlə çıxış etməsini gözləmək düzgün yanaşma deyil.
Nazir müavini vurğulayıb ki, Moskva prezident tərəfindən təsdiqlənmiş mövcud çərçivəyə və verilən göstərişlərə uyğun fəaliyyətini davam etdirəcək.
Növbəti danışıqlar raundunun keçirilmə vaxtına gəlincə, Ryabkov hələlik konkret tarix barədə məlumatın olmadığını bildirib. Bununla belə, o, yeni görüşün baş tutacağına şübhə etmədiyini vurğulayıb.
Diplomat Rusiyanın əvvəlki görüşdə olduğu formatda danışıqları davam etdirməyə hazır olduğunu da diqqətə çatdırıb.
Xatırladaq ki, noyabrın 10-11-də Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında üçtərəfli danışıqlar keçirilib. Görüşlərdə Avropanın gələcək təhlükəsizlik arxitekturası və Ukrayna münaqişəsinin həlli məsələləri müzakirə olunub. Danışıqların nəticələrindən biri də genişmiqyaslı əsir mübadiləsinin hazırlanması ilə bağlı razılaşma olub.
22:40 25.11.2026
Oxunuş sayı: 39