Google-a Fransada milyardlıq zərbə – aktivləri dondurulub
Fransanın məhkəmə orqanları Rusiyanın “Google” şirkətinin törəmə müəssisəsinin iddiası əsasında korporasiyanın ölkədəki 1,9 milyard avro dəyərində aktivlərinə həbs qoyub.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS Agentliyi məlumat yayıb.
Vəkil Uilyam Jülyenin sözlərinə görə, məhkəmənin təminat tədbirləri Rusiyanın “Google” MMC şirkətinin “Google Ireland Limited” şirkətinə qarşı qaldırdığı iddia ilə əlaqədardır.
Hüquqşünas bildirib ki, çərşənbə günü məhkəmə icraçısı “Google France” şirkətinin baş ofisinə gələrək 1,9 milyard avro məbləğində aktivlərin təminat məqsədilə həbs edilməsi barədə bildirişi təqdim edib.
Vəkil dəqiqləşdirib ki, söhbət şirkətin bank hesablarının birbaşa dondurulmasından getmir. Həbs tədbiri “Google France” şirkətinin müqavilə münasibətləri çərçivəsində İrlandiyadakı bölməsi qarşısında yerinə yetirməli olduğu öhdəliklərə tətbiq edilib. Bu münasibətlərdə Fransa bölməsi üçüncü tərəf qismində çıxış edir.
Qeyd edək ki, oktyabr ayında Moskva məhkəməsi Rusiyanın qanunvericiliyini pozduğuna görə “Google” şirkətini 3,8 milyon rubl məbləğində cərimələyib.
Bundan əvvəl də şirkət Rusiyada müxtəlif məhkəmə qərarları ilə cərimələrə məruz qalıb. Sentyabrın əvvəlində Moskvanın Taqanski Rayon Məhkəməsi qadağan olunmuş məlumatları silmədiyinə görə “Google” şirkətinə iki epizod üzrə ümumilikdə 7,6 milyon rubl cərimə tətbiq edib.
Xatırladaq ki, daha əvvəl məhkəmə “Google” şirkətini Avropa İttifaqına 4,1 milyard avro cərimə ödəməyə də məcbur edib.
21:00 25.11.2026
Oxunuş sayı: 41