Rusiyada neft emalı son 20 ilin ən aşağı səviyyəsinə düşüb, inflyasiya yüksəlib
Rusiyada neft emalı həcmləri son 20 ildən artıq müddətin ən aşağı səviyyəsinə enib. Eyni zamanda, ölkədə inflyasiya son bir ilin maksimum göstəricisinə çatıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
“Rystad Energy” analitik şirkətinin qiymətləndirməsinə görə, noyabrın 23-nə Rusiyada neft emalı sutkada 2,6–2,7 milyon barelə qədər azalıb. Bu, oktyabrın 30-u ilə müqayisədə təxminən iki dəfə azdır. Bununla belə, Samara vilayətindəki iki neft emalı zavoduna bu gün endirilən zərbələrin nəticələri hesablamalara daxil edilməyib.
Oktyabrın sonundan etibarən Ukrayna Rusiyanın ən azı 18 neft emalı zavoduna hücum edib.
Hücumların nəticələri Rusiya iqtisadiyyatına getdikcə daha ciddi təsir göstərir. Belə ki, oktyabr ayında illik inflyasiya 6,35 faizdən 6,87 faizə yüksələrək son bir ilin ən yüksək səviyyəsinə çatıb. Noyabrda əhalinin inflyasiya gözləntiləri isə 13,5 faizə yüksəlib.
Yanacağın bahalaşması və nəqliyyat xərclərinin artması geniş çeşiddə məhsulların qiymətinin yüksəlməsinə səbəb olur. Kommunal xidmət tariflərinin artırılması da qiymətlərə əlavə təzyiq göstərir.
Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina pilotsuz uçuş aparatlarının hücumlarının nəticələrinin gözləniləndən daha uzunmüddətli olduğunu etiraf edib. “Alfa-Bank” analitikləri isə əsas faiz dərəcəsinin ən azı 2027-ci ilin birinci rübünün sonunadək 14 faiz səviyyəsində saxlanılacağını proqnozlaşdırırlar.
Beləliklə, Rusiyanın neft emalı zavodlarına endirilən zərbələr yalnız yanacaq bazarına deyil, həm də mağazalardakı qiymətlərə, kreditlərin dəyərinə və ölkə iqtisadiyyatına bütövlükdə təsir göstərir.
22:09 25.11.2026
Oxunuş sayı: 38