Bağırsaqdakı bir antikorun yoğun bağırsaq xərçəngindən qoruduğu müəyyən edilib
ABŞ-nin Rokfeller Universitetinin alimləri bağırsaqlarda mövcud olan immunoqlobulin A (IgA) adlı antikorun yoğun bağırsaq xərçənginin yaranma riskinin azaldılmasında mühüm rol oynaya biləcəyini müəyyən ediblər.
Crossmedia.az xəbər verir ki, araşdırmanın nəticələri “Nature” jurnalında dərc olunub.
Tədqiqat zamanı IgA antikoru olmayan siçanlarda bu maddənin normal səviyyədə olduğu heyvanlarla müqayisədə iki dəfədən çox yoğun bağırsaq şişi aşkarlanıb.
Alimlər antikorun bağırsağın daxili səthini örtən hüceyrələrin həddindən artıq çoxalmasının qarşısını almağa kömək etdiyini müəyyən ediblər. Məhz bu nəzarətsiz hüceyrə artımı xərçəngin yaranmasına səbəb ola bilər.
Təcrübənin növbəti mərhələsində IgA antikoru olmayan siçanlara həmin maddə ağız yolu ilə verilib. Nəticədə heyvanlarda müşahidə olunan əlavə şiş riski aradan qalxıb.
Tədqiqatçılar hesab edirlər ki, bu nəticələr immun sisteminin bağırsaq sağlamlığının qorunmasında rolunu daha dərindən anlamağa kömək edəcək.
Alimlər araşdırmanın hələlik heyvanlar üzərində aparıldığını vurğulayırlar. Nəticələrin insanlarda da təsdiqlənməsi üçün əlavə klinik tədqiqatlar tələb olunur.
07:47 26.11.2026
Oxunuş sayı: 29