İnsan şüurunu süni intellektdən fərqləndirən əsas xüsusiyyət budur
İnsan beyninin yaddaşı yalnız elektrik siqnalları vasitəsilə deyil, həm də kimyəvi qarşılıqlı təsirlər hesabına formalaşdırdığı irəli sürülüb. Yeni nəzəriyyəyə görə, bu mexanizm insan şüurunu süni intellektdən fərqləndirən əsas amillərdən biri ola bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə "ScienceDaily" Qüds Yəhudi Universitetinin tədqiqatçılarına istinadən məlumat yayıb.
Araşdırmada yaddaşın formalaşmasında neyronlarla yanaşı, astrosit adlanan beyin hüceyrələrinin və onların ətrafındakı molekulyar mühitin də mühüm rol oynaya biləcəyi bildirilir.
Tədqiqatçılar hesab edirlər ki, insanın xatirələri, emosiyaları və düşüncələri arasında əlaqə yalnız elektrik impulsları ilə izah edilə bilməz. Beyindəki kimyəvi proseslər də məlumatların saxlanılması və yenidən xatırlanmasında iştirak edə bilər.
Alimlərin fikrincə, tanış bir musiqinin illər əvvəl yaşanmış hadisəni yada salması və ya müəyyən qoxunun insanda güclü emosional reaksiya yaratması yaddaşın mürəkkəb mexanizmini göstərir.
Müəlliflər bununla bağlı yeni nəzəri yanaşma irəli sürərək insan şüurunun təbiətini anlamaq üçün beynin kimyəvi fəaliyyətinin daha dərindən öyrənilməsinin vacibliyini vurğulayıblar.
Qeyd edək ki, bu, təsdiqlənmiş elmi nəticədən çox, mövcud biliklərə əsaslanan nəzəri yanaşmadır. Onun insan şüuru və süni intellekt arasındakı fərqləri tam izah edib-etmədiyini müəyyənləşdirmək üçün əlavə tədqiqatlara ehtiyac var.
04:32 26.11.2026
Oxunuş sayı: 118