"Fitch" "Cənub Qaz Dəhlizi"nin reytinqini təsdiqləyib
"Fitch" - beynəlxalq reytinq agentliyi "Cənub Qaz Dəhlizi" QSC-nin (SGC) uzunmüddətli defolt reytinqini (IDR) "BBB-" səviyyəsində təsdiqləyib.
Crossmedia.azbu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, reytinq üzrə proqnoz "Sabit"dir.
"SGC"nin reytinqi "Fitch"in Dövlətlə Əlaqəli Müəssisələrin (GRE) Reytinq Meyarlarına uyğun olaraq Azərbaycan Respublikasının reytinqi ("BBB-/Stabil") ilə eyniləşdirilib. Buna səbəb SGC-nin bütün borc öhdəliklərinin dövlət zəmanəti ilə təmin olunmasıdır. "Fitch" bu vəziyyətin reytinq proqnozu dövründə də davam edəcəyini gözləyir", - deyə agentlik bəyan edib.
Bundan başqa, açıqlamada deyilir ki, "SGC"nin Müstəqil Kredit Profili (SCP) "bbb-" səviyyəsində qiymətləndirilir. Bu qiymətləndirmə güclü pul vəsaitləri axını, uzunmüddətli müqavilələr əsasında həyata keçirilən qaz nəqli fəaliyyətinin yüksək proqnozlaşdırıla bilməsi, geniş fəaliyyət miqyası və çox güclü maliyyə profili ilə dəstəklənir. Bununla yanaşı, yuxarı axın (upstream) seqmentində qiymət dəyişkənliyi, "Şahdəniz" qaz-kondensat yatağının təbii tükənməsi, eləcə də Azərbaycan, Gürcüstan və Türkiyədə qarşı tərəflərlə bağlı risklər və əməliyyat mühitinin məhdudiyyətləri bu amilləri müəyyən dərəcədə zəiflədir.
Xatırladaq ki, SGC ölkə Prezidentinin "Şahdəniz qaz-kondensat yatağının istismarının II mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında" 25 fevral 2014-cü il tarixli sərəncamı ilə,"Şahdəniz" qaz-kondensat yatağının tam miqyaslı istismarı, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrində dövlətin iştirak paylarının birləşdirilməsi, idarə edilməsi və maliyyələşdirilməsi məqsədi ilə yaradılıb. Onun nizamnamə kapitalı 2 milyard 415,8 milyon ABŞ dollarıdır. Şirkətin səhmlərinin 49%-i İqtisadiyyat Nazirliyinə, 51%-i isə Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.
10:31 26.11.2026
Oxunuş sayı: 61