Rusiya-Ukrayna danışıqlarına mane olan siyasətçi o idi - İllər sonra açıqlandı
Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda Qərbdə Kiyevə hərbi dəstəyin genişləndirilməsi və NATO ölkələrinin prosesdə daha fəal iştirakı ilə bağlı çağırışlar yenidən gündəmə gəlib. Böyük Britaniyanın sabiq baş naziri Boris Conson NATO ölkələrinin hərbçilərindən ibarət “İstəkli ölkələr koalisiyası” qüvvələrinin Ukraynaya dərhal göndərilməsini təklif edib. Onun fikrincə, həmin hərbçilər ölkənin arxa cəbhəsində logistika və yardımçı vəzifələri yerinə yetirə, eyni zamanda Rusiyaya siyasi mesaj verə bilərlər.
Lakin Moskva Ukrayna ərazisində xarici hərbi kontingentin yerləşdirilməsini qəbuledilməz hesab edir və belə qüvvələrin Rusiya ordusu üçün qanuni hədəfə çevriləcəyini bəyan edir. Bu isə təklifin reallaşacağı təqdirdə müharibənin daha geniş geosiyasi qarşıdurmaya çevrilməsi riskini artırır.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Turab Rzayev qeyd edib ki, bu təkliflərin hər hansı formada reallaşması ehtimalı olduqca aşağıdır: “Əslində, belə təşəbbüslərə o qədər də ciddi yanaşmaq lazım deyil. Çünki son dövrlər bu istiqamətdə müxtəlif təkliflər tez-tez səsləndirilir. Ukraynaya dair belə təşəbbüslər əsasən Baltikyanı ölkələrdən və Böyük Britaniyadan gəlir. Lakin NATO-nun bu prosesə birbaşa qoşularaq Rusiya ilə müharibəyə başlaması real görünmür. Biz indiyədək bunun dəfələrlə şahidi olmuşuq. Hətta Ukrayna Prezidenti Volodimir Zelenski də NATO-nun Ukraynaya daha geniş hərbi dəstək göstərməsini və Rusiyaya qarşı mübarizədə birbaşa iştirakını istəyib. Ancaq bu çağırışlar indiyədək real nəticə verməyib və hazırkı şəraitdə də belə bir addımın atılacağı inandırıcı görünmür. Xüsusilə ABŞ-nin mövcud mövqeyini nəzərə almaq lazımdır. Vaşinqtonun Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini dayandırması, eləcə də hərbi və maliyyə yardımını məhdudlaşdırması göstərir ki, ABŞ hazırda Rusiya ilə birbaşa qarşıdurmaya getmək niyyətində deyil. Eyni zamanda, Avropa ölkələrinin də NATO çərçivəsində Rusiyaya qarşı müharibəyə qoşulması ehtimalı olduqca aşağıdır”.
Politoloq bildirib ki, bu kontekstdə Consonun mövqeyini də xatırlatmaq yerinə düşər: “Conson Rusiyaya qarşı sərt siyasətin və Ukraynanın genişmiqyaslı dəstəklənməsinin əsas tərəfdarlarından biri olub. Hətta 2022-ci ildə İstanbul danışıqları zamanı Ukraynanın Rusiya ilə müəyyən güzəştlər əsasında razılığa gəlməyə çalışdığı bir vaxtda Conson Kiyevə səfər edərək Zelenskiyə açıq dəstəyini ifadə etmiş, Rusiyaya güzəştə getməyin əleyhinə olduğunu bildirmişdi. Bundan sonra danışıqlar prosesi nəticəsiz qaldı və müharibə davam etdi. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, hazırkı şərtlər daxilində NATO-nun müharibəyə birbaşa və genişmiqyaslı şəkildə qoşulması gözlənilmir. ABŞ-də Konqresdə demokratların mövqelərinin güclənməsi və növbəti prezident seçkilərində demokrat namizədin qalib gəlməsi isə gələcəkdə Vaşinqtonun Ukraynaya münasibətdə siyasətində müəyyən dəyişikliklərə səbəb ola bilər. Belə olan halda ABŞ-nin Bayden administrasiyası dövründə olduğu kimi, Ukraynaya daha geniş maliyyə və hərbi yardım göstərməsi mümkündür. Lakin düşünürəm ki, bu ssenari ən yaxşı halda bir-iki ildən sonra yenidən aktuallaşa bilər. Hazırda NATO qoşunlarının Ukrayna ərazisində və ya Rusiya ilə sərhəd boyunca yerləşdirilməsi ehtimalı olduqca aşağıdır. Yəni yaxın perspektivdə NATO-nun öz hərbi qüvvələri ilə Rusiya-Ukrayna müharibəsinə birbaşa müdaxilə edəcəyini real hesab etmirəm”.
Ayhan
13:00 26.11.2026
Oxunuş sayı: 199