İtaliya Ukraynanın Rusiya gəmilərinə hücumunu pisləyib
İtaliya Ukraynanın Liviya ərazi sularında Rusiya gəmilərinə endirdiyi zərbələri pisləyərək Kiyevi müharibənin coğrafiyasını genişləndirməməyə çağırıb.
Crossmedia.az xəbər verir ki, İtaliyanın xarici işlər naziri Antonio Tayani bu barədə “Corriere della Sera” qəzetinə müsahibəsində bildirib.
Nazir Ukraynanın Liviya sularında həyata keçirdiyi hərbi əməliyyatları səhv addım kimi qiymətləndirib.
“Liviyanın suverenliyini pozmaq səhv idi”, – deyə Tayani vurğulayıb.
Onun sözlərinə görə, İtaliya hökumətinin Ukraynanın hücum planlarından əvvəlcədən məlumatı olmayıb.
“İtaliya Kiyevin Liviya ərazi sularında, hətta liman daxilində zərbələr endirmək niyyətindən tamamilə xəbərsiz idi”, – deyə nazir əlavə edib.
Tayani Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə telefon danışığında məsələ ilə bağlı narahatlığını çatdırdığını bildirib.
İtaliya diplomatiyasının rəhbəri Rusiya-Ukrayna müharibəsinin Aralıq dənizi regionuna yayılmasının qarşısının alınmasının vacibliyini vurğulayıb.
Ukrayna tərəfi isə Rusiya hərbi gəmisi və yük gəmisinə dəniz dronları ilə həyata keçirilən hücumları qanuni özünümüdafiə tədbiri kimi qiymətləndirib.
Tayani qeyd edib ki, İtaliya Ukraynanın suverenliyini dəstəkləməyə davam edəcək, lakin münaqişənin yeni ərazilərə yayılmasına qarşı çıxır.
12:11 26.11.2026
Oxunuş sayı: 43