Britaniya müharibə ehtimalına qarşı 100 min keçmiş hərbçi ilə əlaqə saxlayıb
Böyük Britaniya mümkün hərbi münaqişəyə hazırlıq səviyyəsini gücləndirmək məqsədilə Soyuq müharibədən sonra ilk dəfə təxminən 100 min keçmiş hərbi qulluqçu ilə əlaqə saxlayıb.
Crossmedia.az xəbər verir ki, “The Telegraph” qəzeti bu barədə məlumat yayıb.
Məlumata görə, strateji ehtiyat qüvvələrinə daxil olan keçmiş hərbçilərdən əlaqə məlumatlarını yeniləmək və mülki həyatda qazandıqları peşə bacarıqları barədə məlumat təqdim etmək istənilib.
Onlara, həmçinin NATO-nun hərbi təlimlərində, o cümlədən 2027-ci ilin yazında keçiriləcək “Steadfast Defender” təlimində könüllü iştirak imkanları təklif olunub.
Britaniya Müdafiə Nazirliyi bildirib ki, bu təşəbbüs ehtiyat qüvvələrin hazırlıq səviyyəsinin artırılmasına, ölkənin müdafiə imkanlarının gücləndirilməsinə və potensial təhlükələrin qarşısının alınmasına yönəlib.
Nazirlik vurğulayıb ki, keçmiş hərbçilərlə əlaqə saxlanılması yaxın zamanda səfərbərlik elan ediləcəyi anlamına gəlmir.
Qeyd olunub ki, əsas məqsəd mümkün böhran və hərbi münaqişə şəraitində ehtiyat qüvvələrin daha operativ şəkildə cəlb olunmasına hazırlığı təmin etməkdir.
11:46 26.11.2026
Oxunuş sayı: 35