Kestutis Budris : Azərbaycan Avropanın iqtisadi təhlükəsizliyi, nəqliyyat bağlantıları və enerji dayanıqlılığı baxımından strateji tərəfdaşdır
Litva Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsində, qarşılıqlı investisiyaların artırılmasında və birgə layihələrin həyata keçirilməsində maraqlıdır.
"Report" xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Kestutis Budris Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşün yekunları üzrə "X" səhifəsində yazıb.
Nazir Bakıda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşdüyünü və ikitərəfli iqtisadi əməkdaşlığın potensialından daha geniş istifadə imkanlarını müzakirə etdiyini bildirib.
K.Budris qeyd edib ki, geosiyasi proseslər ticarət marşrutlarını, enerji axınlarını və investisiya qərarlarını yenidən formalaşdırır.
Onun sözlərinə görə, indidən fəal addımlar atan ölkələr gələcəkdə yaranacaq imkanlardan daha çox faydalana biləcəklər.
“Azərbaycan Avropanın iqtisadi təhlükəsizliyi, nəqliyyat bağlantıları və enerji dayanıqlılığı baxımından strateji tərəfdaşdır”, – deyə nazir vurğulayıb.
O əlavə edib ki, Litva siyasi dialoqun konkret layihələrə, investisiyalara və daha güclü biznes əlaqələrinə çevrilməsi üçün real potensial görür.
12:08 26.11.2026
Oxunuş sayı: 44