Ukraynanın sülhə məcbur edilməsi onun ərazi güzəştləri ilə üzləşməsi bahasına başa gələ bilər - Ekspert
Ukraynanın Rusiya ilə müharibədə müdafiə imkanları getdikcə daha ciddi sınaqla üzləşir. Ölkənin müdafiə sənayesi istehsal gücünün genişləndirilməsi, maliyyə vəsaitlərinin təmin olunması və insan resurslarının cəlb edilməsi baxımından çətinlik yaşayır. ABŞ-nin dəstəyinin əvvəlki səviyyədə olmaması və Avropanın üzərinə düşən maliyyə yükünün artması Kiyevin hərbi imkanları ilə bağlı sualları daha da aktuallaşdırır.
Belə bir şəraitdə Ukraynanın müdafiə sənayesinin mövcud imkanlarının son həddinə çatması ölkəni danışıqlar masasına oturmağa və sülh şərtlərini qəbul etməyə məcbur edə bilərmi? Rusiya yaranmış vəziyyətdən hərbi və siyasi baxımdan necə istifadə etməyə çalışacaq? Moskva cəbhədə təzyiqi artıracaq, yoxsa müharibənin taleyini dəyişə biləcək yeni siyasi gedişlərə üstünlük verəcək?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən hərbi ekspert Emin Həsənli qeyd edib ki, əvvəllər Ukraynaya əsas dəstəyi ABŞ göstərirdi: “Lakin Donald Tramp hakimiyyətə gəldikdən sonra Vaşinqtonun maliyyə yardımı dayandırıldı və bu istiqamətdə əsas yük Avropanın üzərinə düşdü. Ukrayna bu il də ehtiyac duyduğu maliyyə vəsaitinin təmin edilməsi üçün əsasən Avropa İttifaqına və NATO-ya müraciət edib. Avropa İttifaqı isə bu vəsaitin qarşılanması istiqamətində müəyyən addımlar atmağa çalışır. Hesab edirəm ki, bu məsələdə artıq Avropada, xüsusilə də Qərbi Avropa ölkələrində vətəndaş etirazları artır. İnsanlar özlərinə sual verirlər ki, onların gəlirləri niyə Ukraynaya yönəldilməlidir? Şərqi Avropada vəziyyət bir qədər fərqlidir. Çünki həmin ölkələr Ukraynanın təhlükəsizliyini öz təhlükəsizlikləri ilə sıx bağlı hesab edirlər. ABŞ-də isə demokratların Konqresdə mövqelərinin güclənməsi fonunda qarşıdakı il hansı addımların atılacağını görəcəyik. Bununla belə, 2028-ci ilə qədər ABŞ-də əsas siyasi qərarlar prezident Donald Trampın səlahiyyətində qalacaq. Tramp isə prezidentlik dövrünü başa çatdırmaq və bu məsələni yekunlaşdırmaq istəyir. Bu səbəbdən Ukraynanı sülhə məcbur etməyə çalışır. Lakin Ukraynanın sülhə məcbur edilməsi onun ərazi güzəştləri ilə üzləşməsi bahasına başa gələ bilər. Bununla yanaşı, müharibənin gedişində müəyyən dəyişikliklər də baş verib. Əvvəllər, Co Baydenin hakimiyyəti dövründə ABŞ Ukraynaya silahları pulsuz təqdim edir, eyni zamanda Rusiya ərazisinin həmin silahlarla vurulmasına məhdudiyyət qoyurdu. Donald Trampın hakimiyyəti dövründə isə silahların maliyyəsini Avropa ödəyir, Ukrayna isə Rusiya ərazisindəki hədəflərə zərbələr endirmək baxımından daha sərbəst hərəkət edir. Bu müharibə hər iki tərəfə ciddi zərər vurur. İqtisadi itkilərlə yanaşı, böyük insan tələfatı da var. İnsan resurslarının azalması gələcəkdə iqtisadiyyat üçün ciddi problemlər yarada bilər. Çünki müharibədən sonra ölkələrin bərpası və iqtisadi inkişafı üçün işçi qüvvəsinə böyük ehtiyac olacaq. İnsanlar, hər iki ölkənin əhalisi artıq müharibədən yorulub”.

Ekspert qeyd edib ki, Rusiya əvvəlcə Ukraynaya qarşı hərbi əməliyyatların qısa müddətdə başa çatacağını düşünürdü: “Lakin müharibənin beşinci ili yaxınlaşır. Bu isə prosesin getdikcə daha da mürəkkəbləşdiyini və sərtləşdiyini göstərir. Müharibə, ilk növbədə, böyük maliyyə vəsaiti tələb edir və hər iki ölkənin iqtisadiyyatına ağır zərbə vurur. Şəhərlər dağıdılır, insanlar yaşayış yerlərini tərk edir, işçi qüvvəsi azalır. Eyni zamanda, müharibənin davam etməsi üçün silah və hərbi təchizata ehtiyac bir an belə azalmır. Bütün bunlar tərəflərin iqtisadi və sosial vəziyyətinə mənfi təsir göstərir. Bununla belə, Avropa var gücü ilə çalışır ki, Ukraynanı özünün ön cəbhəsi hesab etdiyi təhlükəsizlik xəttində qoruyub saxlaya bilsin”.
Ayhan
13:00 24.11.2026
Oxunuş sayı: 36