Hər aptek göz müayinəsi apara bilməz - XƏBƏRDARLIQ
Apteklərdə eynək və digər optik məhsulların satışı ilə yanaşı, vətəndaşlara
görmə qabiliyyətinin yoxlanılması və eynək nömrəsinin müəyyən edilməsi kimi
xidmətlər də təklif olunur. Bir çox insan vaxt itirməmək və əlavə tibb
müəssisəsinə müraciət etməmək üçün bu müayinələrdən birbaşa aptekdə keçməyə
üstünlük verir. Lakin optik məhsulların satışı ilə tibbi xarakterli oftalmoloji
müayinələrin aparılması eyni fəaliyyət hesab edilmir və onların hüquqi
tənzimlənməsi fərqlidir.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin yaydığı xəbərdarlıq da
məhz bu məsələyə diqqət çəkir. Mərkəz bildirir ki, apteklərdə həkim-oftalmoloq
tərəfindən aparılan tibbi müayinələr özəl tibb fəaliyyəti çərçivəsində
qiymətləndirilir və bunun üçün müvafiq lisenziya, maddi-texniki baza və
qanunvericiliklə müəyyən edilmiş digər şərtlər təmin olunmalıdır. Həkimin
aptekdə çalışması və ya müayinə xidmətinin aptek daxilində təşkil edilməsi
həmin tələbləri aradan qaldırmır.
Məsələnin digər mühüm tərəfi isə vətəndaşların aldığı xidmətin keyfiyyəti və
təhlükəsizliyi ilə bağlıdır. Görmə qabiliyyətinin yoxlanılması yalnız eynək
nömrəsinin müəyyənləşdirilməsi ilə məhdudlaşmır. Bəzi hallarda görmə zəifliyi
müxtəlif göz xəstəliklərinin əlaməti ola bilər və düzgün diaqnostika üçün
müvafiq tibbi şərait, avadanlıq və ixtisaslı mütəxəssis tələb olunur.
Lisenziyasız və lazımi şərait yaradılmadan aparılan müayinələr isə həm hüquqi,
həm də tibbi baxımdan suallar doğurur.
Bu baxımdan apteklərdə optika şöbələrinin fəaliyyəti, müayinə xidmətlərinin
hansı hallarda tibbi fəaliyyət sayılması, lisenziyalaşdırma tələblərinə nəzarət
və vətəndaşların hüquqlarının qorunması məsələləri xüsusi əhəmiyyət daşıyır.
Crossmedia.az-a açıqlamasında səhiyyə
eksperti Rasif Bağırov bildirib ki, göz müayinəsi sahəsində hazırda
müxtəlif yeni aparat və texnologiyalar mövcuddur:
“Bu cihazlar vasitəsilə gözün müxtəlif qatlarının, yəni ayrı-ayrı
təbəqələrinin müayinəsi aparılır. Bundan əlavə, digər müayinə metodları da
inkişaf edib və onların tətbiqi gözün müayinə və müalicəsində çox böyük
irəliləyişlərə və nailiyyətlərə səbəb olub.
Amma indi bir anlıq təsəvvür edin
ki, rayon yeridir, kənddə bir göz həkimi fəaliyyət göstərir, lakin onun heç bir
müayinə aparatı yoxdur. Müayinə aparatı olmadığı halda həmin xəstənin gözünün
ayrı-ayrı qatlarının yoxlanmasını necə həyata keçirə bilər? Gözün müxtəlif
qatlarını, ön və arxa kameralarını, eləcə də göz dibini müayinə etmək mümkün
olmadıqda, təbii ki, bu, müəyyən məhdudiyyətlər yaradır.
Lakin həkimin müayinə aparatı
olmadığı üçün xəstəni yoxlaya bilməməsi özlüyündə risk yaratmır. Risk o zaman
yarana bilər ki, xəstədə ciddi xəstəlik olsun, amma həkimin verdiyi
arxayınlaşdırıcı rəy xəstədə heç bir problemin olmadığı təəssüratını yaratsın.
Əslində isə xəstədə ciddi xəstəlik var, lakin həkim bunu müəyyən edə və aşkar
edə bilmir.
Belə hallarda həkim xəstəyə hər
hansı müayinə aparatından keçməyi tövsiyə edəcək. Həkimdə şübhə yarandıqda
xəstəni mütləq müvafiq müayinəyə yönləndirməlidir. Əgər həkim bunu edirsə,
burada heç bir risk yoxdur. Əks halda, xəstəni müayinəyə yönləndirməmək risk
yarada bilər.
Əgər simptomlar həkim üçün kifayət
qədər aydındırsa və o, həmin əlamətlər əsasında gözdə ciddi problemin
olmadığını müəyyənləşdirə bilirsə, müayinə və müalicə prosesini daha peşəkar və
yüksək səviyyədə həyata keçirmək mümkündür. Hətta xüsusi aparatlarla müayinə
aparılmasa belə, simptomlar düzgün müəyyən edilərək xəstəyə lazımi yardım
göstərilərsə, müsbət nəticələr əldə oluna bilər.
Bütün bunlar həkimin peşəkarlığından
asılıdır. Düzdür, müasir müayinə aparatları həkimlərə böyük kömək göstərir,
amma peşəkarlıq hər şeydən əvvəl gəlir”.
Məhəbbət Tərlanoğlu
11:53 24.11.2026
Oxunuş sayı: 33