Dronlar Rusiya-Ukrayna müharibəsinin taleyini necə dəyişir?
Rusiya-Ukrayna müharibəsi müasir hərb sənayesində yeni texnoloji yanaşmaların meydana çıxmasını sürətləndirib. Xüsusilə pilotsuz uçuş aparatlarının döyüş meydanında geniş tətbiqi dövlətlərin hərbi strategiyalarına və silah istehsalı ilə bağlı prioritetlərinə yenidən baxmasına səbəb olub. Bu prosesin davamı olaraq ABŞ-də Ukrayna müharibəsinin təcrübəsi əsasında hazırlanan “Bombard” adlı yeni reaktiv zərbə dronu təqdim edilib.
Amerikanın “Vector” şirkətinin hazırladığı aparat 1 100 kilometr uçuş məsafəsi, saatda 378 kilometr kruiz sürəti və 50 kiloqram faydalı yükdaşıma qabiliyyəti ilə diqqət çəkir. Dronun GPS siqnalı olmadan avtonom fəaliyyət göstərə bilməsi də onun əsas xüsusiyyətlərindəndir. Bununla yanaşı, istehsalçı şirkət bu sistemin kütləvi istehsalını hədəfləyir.
Maraqlıdır, “Bombard” müasir dron texnologiyalarında hansı yenilikləri özündə birləşdirir? Onun təqdimatını hərb sənayesində yeni mərhələnin başlanğıcı və ya hərbi tarixdə dönüş nöqtəsi kimi qiymətləndirmək mümkündürmü?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən hərbi ekspert Səxavət Məmmədov qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi dron sənayesinin sürətli inkişafına ciddi təkan verdi: “Əvvəllər pilotsuz uçuş aparatlarından daha çox kəşfiyyat məqsədilə istifadə olunurdusa, bu müharibə onların zərbə imkanlarını və hərbi əməliyyatlarda nə dərəcədə effektiv olduğunu nümayiş etdirdi. Xüsusilə kiçikölçülü, yüngül və reaktiv mühərriklə təchiz edilmiş dronların istifadəsi ön plana çıxdı. Belə aparatların əsas üstünlüklərindən biri yüksək sürətə malik olmalarıdır. Müharibəyədək ABŞ, Rusiya və digər dövlətlər təhlükəsizlik strategiyalarında daha çox ballistik, hipersəs və digər raket sistemlərinə üstünlük verirdilər. Lakin Rusiya-Ukrayna müharibəsi göstərdi ki, nisbətən ucuz başa gələn və düşmən ərazisinin dərinliklərində fəaliyyət göstərə bilən dronlar da kifayət qədər effektiv silah sistemləridir. Bu baxımdan ABŞ-nin hazırkı mərhələdə dron istehsalını genişləndirmək və onların kütləvi istehsalına başlamaq niyyəti təsadüfi deyil”.

Ekspert qeyd edib ki, Rusiya müharibənin ilk günlərində İrandan, xüsusilə “Şahed” tipli dronlar alırdı: “Sonrakı mərhələdə isə bu aparatların əsasında öz istehsalını genişləndirməyə və “Geran” tipli dronlar istehsal etməyə başladı. Daha sonra “Geran-2” və onun təkmilləşdirilmiş versiyaları meydana çıxdı. Bu aparatların əsas xüsusiyyətlərindən biri daha çox faydalı yük daşımaq və düşmən ərazisinin dərinliklərində zərbələr endirmək imkanlarıdır. Reaktiv mühərrikli dronların üstünlüklərindən danışarkən onların sürətini xüsusi qeyd etmək lazımdır. Əlbəttə, bu tip aparatları radarlar və radioelektron mübarizə vasitələri ilə aşkar etmək mümkündür. Lakin yüksək sürət onların qarşısının alınmasını və zərbənin dəqiq vaxtının müəyyənləşdirilməsini çətinləşdirən amillərdəndir. Bu da həmin dronlara müəyyən taktiki üstünlük qazandırır. Ümumiyyətlə, hazırda dünyanın bir çox ölkəsi dron sənayesinin inkişafına ciddi investisiyalar yatırır. Müharibələr göstərir ki, dövlətlər hərbi resurslarından daha səmərəli istifadə etməyə çalışırlar. Əvvəllər təhlükəsizliyin təmin olunmasında ballistik, hipersəs və digər raket sistemlərinə daha çox üstünlük verilirdisə, bu silahların istehsalı və istifadəsi kifayət qədər böyük maliyyə vəsaiti tələb edir. Dronların geniş tətbiqi isə hərbi əməliyyatların iqtisadi xərcini əhəmiyyətli dərəcədə azalda bilir. Məsələn, Rusiya bəzi hallarda bir gün ərzində 400-500 dronla hücum həyata keçirə bilir. Halbuki heç bir dövlətin, o cümlədən ABŞ-nin bir gün ərzində bu sayda raketdən istifadə etməsi eyni dərəcədə real və iqtisadi baxımdan əlverişli deyil. Çünki belə intensivlikdə raket istifadəsi həddindən artıq böyük maliyyə və texniki resurs tələb edir. Buna görə də hesab edirəm ki, reaktiv mühərrikli, kiçikölçülü və nisbətən ucuz dronlar müasir müharibələrin xarakterini dəyişən əsas vasitələrdən birinə çevrilir. Onlar həm iqtisadi səmərəlilik, həm də hərbi imkanlar baxımından dövlətlərə yeni üstünlüklər qazandırır”.
Ayhan
09:40 24.11.2026
Oxunuş sayı: 23