ABŞ Kanadaya hücuma hazırlaşır?
ABŞ ilə Kanada arasında müdafiə sahəsində əməkdaşlıq yeni məhdudiyyətlərlə üzləşib. ABŞ-nin müdafiə naziri Pit Heqset iki ölkə arasında müdafiə əməkdaşlığına əlavə məhdudiyyətlər tətbiq edib. “The Washington Post” qəzetinin noyabrın 20-də məsələ ilə tanış olan rəsmilərə istinadən yaydığı məlumata görə, bu qərar Vaşinqton və Ottava arasındakı münasibətlərdə diqqətçəkən yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.
Bu addımın iki ölkə arasında onsuz da gərginləşən münasibətlər fonunda hansı siyasi və strateji məqsədlərə xidmət etdiyi xüsusi maraq doğurur. Digər tərəfdən, Vaşinqtonun bu mövqeyi Kanadanın müdafiə və təhlükəsizlik siyasətində yeni yanaşmalara ehtiyac yaradıb-yaratmadığı sualını gündəmə gətirir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Əhəd Məmmədli qeyd edib ki, Kanadadakı vəziyyət o qədər də ciddi xarakter daşımır: “ Kanada kimdən müdafiə olunur? Ölkənin yalnız bir quru sərhədi var: Kanada ABŞ-lə həmsərhəddir. ABŞ-nin da Kanadaya hücum etmək niyyəti yoxdur. Trampın açıqlamalarına çox da fikir vermək lazım deyil. Kanada Britaniya monarxiyasının nəzarəti altındadır. Ona görə də ən azı indiki mərhələdə ABŞ-nin Kanadaya hərbi müdaxiləsi real görünmür. Sadəcə, düşünürəm ki, bu addımlar müəyyən mənada daha çox maliyyə əldə etmək məqsədi daşıyır. Tramp administrasiyası hər şeyi pulla ölçür. Məhdudiyyətlər də Kanadanın daha çox vəsait ayırmasına, ABŞ silahlarına daha çox pul xərcləməsinə və Amerika silah elitasının Kanadanın silah təchizatına daha geniş nəzarət etməsinə hesablanıb”.

Ekspert vəziyyəti bu cür qiymətləndirdiyini bildirib: “Bunu ABŞ-nin Kanadaya qarşı xüsusi demarşı kimi qəbul etmirəm. Kanada da baş verənlərə görə ciddi narahatlıq keçirməyəcək. Hər iki ölkənin tarixi Britaniya ilə bağlıdır. Kanada bu gün də simvolik olaraq Britaniya monarxiyasına bağlılığını qoruyur. Nəticə etibarilə, iki ingilisdilli dövlət bu məsələdə də öz aralarında ortaq məxrəcə gəlməyi bacaracaqlar”.
Ayhan
12:00 24.11.2026
Oxunuş sayı: 25