Tovuzda ağır qəza: Sürücü öldü, ailəsinin 5 üzvü xəstəxanalıq oldu
Tovuz rayonunda sürücülük hüququ olmayan şəxsin idarə etdiyi avtomobilin su kanalına aşması nəticəsində bir nəfər ölüb, ailəsinin beş üzvü xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bu barədə məlumat yayıb.
Bildirilib ki, hadisə noyabrın 23-də saat 13:11 radələrində Tovuz rayonunun Yanıqpəyə kəndi ərazisində baş verib.
Gədəbəy rayon sakini Şakir Hüseynovun sürücülük hüququ olmadan idarə etdiyi “VAZ” markalı avtomobil yoldan çıxaraq su kanalına aşıb.
Qəza nəticəsində Şakir Hüseynov hadisə yerində həyatını itirib.
Avtomobildə olan sərnişinlər – sürücünün həyat yoldaşı Püstə Hüseynova, oğlu Xəyal Hüseynov, gəlini, eləcə də 4 və 2 yaşlı iki nəvəsi xəstəxanaya çatdırılıblar.
Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
İlkin ehtimala görə, qəza sürücünün yola bələd olmaması və sərt döngədə manevr edərkən sürəti düzgün seçə bilməməsi səbəbindən baş verib.
Baş Dövlət Yol Polisi İdarəsi hadisə ilə əlaqədar sürücülərə müraciət edib.
Qurum yüksək sürətin və sürücülük səriştəsi olmayan şəxslərin sükan arxasına keçməsinin ağır nəticələrə səbəb ola biləcəyini xatırladıb.
BDYPİ sürücüləri yol və hava şəraitini hər zaman nəzərə almağa, xüsusilə tanımadıqları yollarda daha ehtiyatlı davranmağa çağırıb.
10:30 24.11.2026
Oxunuş sayı: 35