Alimlər beyində son tarix yaxınlaşanda iş tempini artıran mexanizm aşkarlayıblar
Britaniyalı alimlər insan beyninin son tarix yaxınlaşdıqda işə daha çox güc sərf etməsini təmin edən mexanizmi müəyyən ediblər.
Crossmedia.az xəbər verir ki, araşdırma Birmingem Universitetinin İnsan Beyni Sağlamlığı Mərkəzinin alimləri tərəfindən aparılıb. Tədqiqatın nəticələri “Nature Communications” elmi jurnalında dərc olunub.
Alimlər araşdırma zamanı beynin çətin tapşırıqları necə qiymətləndirdiyini və vaxt azaldıqca insanın həmin işə münasibətinin necə dəyişdiyini öyrəniblər.
Tədqiqatçılar müəyyən ediblər ki, beyin görüləcək işin həcmini və qalan vaxtı müqayisə edərək xüsusi bir keçid nöqtəsi müəyyənləşdirir. Bu mərhələdə tapşırığı vaxtında tamamlamaq üçün daha çox səy göstərməyin zəruri olduğu qənaətinə gəlinir.
Araşdırmada yüksək dəqiqlikli funksional maqnit-rezonans tomoqrafiyasından (fMRT) istifadə edilib. Nəticələr göstərib ki, beynin singulyar qabığının iki hissəsi son tarixlə bağlı təzyiqi qiymətləndirir və bu məlumatı bazal qanqliyalara ötürür. Bazal qanqliyalar isə insanın əlavə səy göstərib-göstərməməsi ilə bağlı qərarın verilməsində iştirak edir.
Tədqiqatın müəlliflərindən professor Metyu Epps bildirib ki, bazal qanqliyaların son tarix yaxınlaşanda davranışın gücləndirilməsinə qərar verilməsində mühüm rol oynaması yeni və əhəmiyyətli kəşfdir.
Araşdırmada gündəlik həyatda yüksək yorğunluq yaşayan insanların tapşırıqları vaxtında yerinə yetirmək üçün daha çox səy göstərməkdə çətinlik çəkdiyi də müəyyən olunub.
Tədqiqatın aparıcı müəllifi Andrea Pisauro vurğulayıb ki, fasiləsiz şəkildə bir son tarixdən digərinə keçmək hər kəsdən yüksək nəticə əldə etməyə kömək etmir.
02:03 24.11.2026
Oxunuş sayı: 28