Mendel avropalı siyasətçilərə məsləhət verib
Ukrayna Prezidentinin keçmiş mətbuat katibi Yuliya Mendel Avropa siyasətçilərinə Ukraynanın “Mirotvorets” saytının məlumat bazasından adlarının çıxarılması üçün Prezident Volodimir Zelenskiyə müraciət etməyi məsləhət görüb.
Crossmedia.az xəbər verir ki, Mendel bu barədə sosial şəbəkənin "X" platformasındakı paylaşımında yazıb.
Onun açıqlaması İtaliyanın baş nazirinin müavini Matteo Salvininin adının “Mirotvorets” məlumat bazasından silinməsindən sonra gündəmə gəlib.
Məlumata görə, İtaliyanın hakimiyyət orqanları Avropa Parlamentinin “Beş Ulduz Hərəkatı” partiyasından olan deputatlarının sözügedən sayta daxil edilməsindən narazılıqlarını bildiriblər. İtaliyanın Baş naziri Corcia Meloninin də bu məsələ ilə bağlı Zelenskiyə etirazını çatdırdığı bildirilir.
Bundan sonra Salvininin adı saytdan silinsə də, digər italiyalı siyasətçilərlə bağlı məlumatlar saxlanılıb.
Mendel hadisəyə ironik münasibət bildirərək yazıb: “Görünür, Melonidən Zelenskiyə yenidən zəng etməsini xahiş etməliyəm. Bu, bütün Avropa siyasətçilərinə məsləhətimdir”.
Qeyd edək ki, Yuliya Mendelin özü də daha əvvəl “Mirotvorets” məlumat bazasına daxil edilib.
23:31 23.11.2026
Oxunuş sayı: 34