NATO Rusiyanın nüvə peyki ilə bağlı açıqlama verib
NATO-nun baş katibi Mark Rütte Rusiyanın kosmosa nüvə başlığı daşıyan peyk buraxmağa hazırlaşdığı barədə məlumatlara münasibət bildirib. O, alyansın kosmik məkanda da üzv ölkələrin təhlükəsizliyini təmin etməyə hazır olduğunu bəyan edib.
Crossmedia.az xəbər verir ki, Rütte bu barədə "Reuters" agentliyinə açıqlamasında danışıb.
Baş katib bildirib ki, NATO çəkindirmə sahəsindəki vəziyyəti daim qiymətləndirir və alyans ərazisinin hər qarışını qorumaq üçün bütün zəruri imkanlara malikdir.
Onun sözlərinə görə, NATO-nun mümkün cavab tədbirləri ilə bağlı bir sıra variantları var. Rutte hərbi sahədə müdafiə və çəkindirmə imkanlarının mütəmadi qiymətləndirildiyini, zərurət yarandıqda müvafiq dəyişikliklərin ediləcəyini vurğulayıb.
Bundan əvvəl Almaniyanın WDR və NDR telekanalları, eləcə də “Süddeutsche Zeitung” nəşri Almaniya Federal Kəşfiyyat Xidməti və Bundesverin Rusiyanın 2026-cı ilin sonunadək nüvə yüklü peyki orbitə çıxarmağa hazırlaşması ehtimalı ilə bağlı məlumatlara malik olduğunu yazıb.
Nəşrlərin məlumatına görə, söhbət “Sputnik-S” adlı kosmik aparatdan gedir. İddia olunur ki, peyk Moskva vilayətində hazır vəziyyətdə saxlanılır və yaxın həftələrdə buraxıla bilər.
Qeyd edək ki, bu məlumatlar hələ müstəqil şəkildə təsdiqlənməyib. Kreml də daha əvvəl Almaniya mediasında yayılan iddialara münasibət bildirmişdi.
19:41 23.11.2026
Oxunuş sayı: 40