Krım körpüsünə hücumun arxasında hansı məqsəd dayanır?
Krım körpüsünə son hücumlar Rusiya və Ukrayna arasında gərginliyi daha da artırıb. Rusiyalı rəsmilər hesab edirlər ki, Kiyevin əsas məqsədi yarımadanın Rusiya ilə nəqliyyat əlaqələrini pozmaq və təchizat marşrutlarına mane olmaqdır.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya rəsmilərinin açıqlamalarında bildirilib.
Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl Krım körpüsünə endirilən zərbələri Rusiya ordusunun Ukraynanın nəqliyyat infrastrukturuna hücumlarına cavab kimi qiymətləndirmişdi. O, körpünün Rusiya tərəfindən hərbi yüklərin daşınması üçün istifadə edildiyini də vurğulamışdı.
Rusiya Prezidenti Vladimir Putin isə Krım körpüsünün mülki obyekt olduğunu və hazırda hərbi texnika, sursat və hətta neft məhsullarının daşınması üçün istifadə edilmədiyini bildirib.
Putinin sözlərinə görə, Moskvanın Kiyevin hücumlarına cavabı daha ağrılı olacaq.
Qeyd edək ki, noyabrın 16-19-da Krım körpüsünə bir neçə hücum həyata keçirildiyi barədə məlumatlar yayılıb. Hücumlar nəticəsində avtomobil və dəmir yolu hissələrində hərəkət müvəqqəti dayandırılıb. Rusiya tərəfi körpünün bərpası istiqamətində işlərin aparıldığını açıqlayıb.
23:04 23.11.2026
Oxunuş sayı: 19