Bu ölkədə quş qripi həyəcanı: Məhdudiyyətlər sərtləşdirildi
Fransanın şimalındakı Pa-de-Kale departamentində yüksək patogenli quş qripi aşkarlanıb. Hadisədən sonra ölkə hakimiyyəti bütün materik ərazisində epidemioloji risk səviyyəsini “yüksək” elan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Fransanın Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Virusun yayılmasının qarşısını almaq məqsədilə ölkə üzrə gücləndirilmiş biotəhlükəsizlik tədbirləri tətbiq olunub.
Yeni qaydalara əsasən, 50-dən az quş saxlayan şəxslər, o cümlədən fərdi təsərrüfat sahibləri quşlarını qapalı yerlərdə və ya xüsusi tor örtüyü altında saxlamalıdırlar. Daha böyük təsərrüfatlarda isə quşların qapalı binalarda təcrid edilməsi tələb olunur.
Bundan başqa, yem və suyun vəhşi quşların təmasından qorunması, quşçuluq təsərrüfatlarına girişin məhdudlaşdırılması və xüsusi gigiyena qaydalarına əməl edilməsi məcburidir.
Məhdudiyyətlər ovçuluq və quşlarla bağlı kütləvi tədbirlərə də şamil edilib. Poçt göyərçinlərinin yarışları 2027-ci il martın 31-dək dayandırılıb.
Fransa Kənd Təsərrüfatı Nazirliyi risk səviyyəsinin artırılmasını ölkədən keçən köçəri quşların miqrasiya marşrutlarında infeksiyanın yayılması və vəhşi quşlar arasında yoluxma hallarının qeydə alınması ilə əlaqələndirib.
Məlumata görə, mövsümün əvvəlindən Fransada quş qripinin altı ocağı aşkarlanıb. Onlardan üçü kommersiya quşçuluq təsərrüfatlarında, digər üçü isə fərdi təsərrüfatlarda qeydə alınıb.
Qeyd edək ki, quş qripi heyvanlar və quşlar arasında yayılan virus infeksiyasıdır. H5N1 kimi bəzi ştammlar nadir hallarda insanlara da keçə bilir.
23:40 23.11.2026
Oxunuş sayı: 41