Alimlər təkamülün sirrini aça biləcək yeni viruslar aşkarlayıblar
ABŞ-nin Mayami Universitetinin alimləri əvvəllər məlum olmayan virus qrupu aşkar ediblər. Kəşfin həyatın ilkin inkişaf mərhələlərini və bəzi hüceyrə strukturlarının mənşəyini anlamağa kömək edə biləcəyi bildirilib.
Crossmedia.az xəbər verir ki, araşdırmanın nəticələri “Nature Communications” jurnalında dərc olunub.
Tədqiqatçılar yeni virusların həm viruslara, həm də hüceyrələrin daxilində yerləşən xüsusi zülal strukturlarına xas xüsusiyyətlər daşıdığını müəyyən ediblər. Bu tapıntı həmin strukturların təkamül prosesində necə formalaşması ilə bağlı mövcud nəzəriyyələri yenidən nəzərdən keçirməyə əsas yaradır.
Alimlər virusları müəyyən etmək üçün milyardlarla DNT ardıcıllığının yer aldığı genetik məlumat bazalarını araşdırıblar. Bu prosesdə süni intellekt və zülal modelləşdirmə texnologiyalarından da istifadə olunub.
Tədqiqatçılara görə, yeni aşkarlanan viruslar viruslarla hüceyrə strukturları arasında əvvəllər nəzərə alınmayan təkamül əlaqələrinin mövcudluğunu göstərə bilər.
Kəşf həmçinin virusların yalnız infeksiyaların yayılmasında deyil, digər bioloji proseslərdə də rol oynaya biləcəyi ehtimalını gündəmə gətirir.
04:13 24.11.2026
Oxunuş sayı: 64