Zəif sümüklərlə beynin daha sürətli qocalması arasında əlaqə aşkarlanıb
ABŞ-nin Cons Hopkins Universitetinin alimləri onurğa sümüklərinin sıxlığının azalması ilə beyində yaşlanma prosesinin sürətlənməsi arasında əlaqə müəyyən ediblər.
Crossmedia.az xəbər verir ki, “Radiology” jurnalında dərc olunan araşdırmada 2 mindən çox insanın tibbi görüntüləri və sağlamlıq göstəriciləri təhlil edilib.
Tədqiqatçılar sümük sıxlığı aşağı olan şəxslərdə idrak qabiliyyətlərinin daha sürətlə zəiflədiyini, həmçinin beynin ağ maddəsində yaşla bağlı dəyişikliklərin daha intensiv baş verdiyini müəyyən ediblər.
Araşdırmada süni intellekt texnologiyasından istifadə edilərək iştirakçıların kompüter tomoqrafiyası görüntüləri təhlil olunub.
Alimlər vurğulayırlar ki, nəticələr sümük zəifliyinin birbaşa demensiyaya səbəb olduğunu sübut etmir. Hər iki prosesin yaşlanma, insulin müqaviməti və digər metabolik dəyişikliklərlə əlaqəli olması mümkündür.
Tədqiqatçılar hesab edirlər ki, gələcəkdə adi tibbi müayinələr zamanı sümük sıxlığının qiymətləndirilməsi beyində yaşlanma riskinin erkən müəyyənləşdirilməsinə də kömək edə bilər.
08:17 24.11.2026
Oxunuş sayı: 26