"AzFina": Bank sektoru bizi hələ də özünə rəqib görür
Azərbaycan bankları fintexləri hələ də özünə rəqib görür, halbuki onlar maliyyə ekosisteminin mühüm iştirakçısına çevrilib.
Crossmedia.az xəbər verir ki, bunu "Azərbaycan Fintex Assosiasiyası" ("AzFina") İctimai Birliyinin İdarə Heyətinin sədri Edqar Abdullayev Bakıda keçirilən X Beynəlxalq Bank Forumunda bildirib.
O qeyd edib ki, fintexlər artıq maliyyə sisteminin kənarında dayanmış texnoloji şirkətlər deyil: "Onlar bu ekosistemin bir hissəsidir və getdikcə daha mühüm rol oynayırlar. Hazırkı mərhələdə qarşımızda duran əsas sual rəqəmsallaşmanı necə davam etdirə biləcəyimizdir ki, bu inkişaf həm sürətli, həm dayanıqlı, həm etibarlı, həm də ən əsası təhlükəsiz olsun. Azərbaycanın göstəricilərinə nəzər saldıqda da bazarın artıq sürətlə dəyişdiyini görürük. İnsanlar daha sürətli xidmət, dayanıqlı və 7/24 rejimli əlçatan xidmət istəyirlər".
"Mənim fikrimcə, bu prosesdə üç tərəfin düzgün əməkdaşlığı həlledici rol oynaya bilər. Söhbət Azərbaycan Mərkəzi Bankından, banklardan və fintexlərdən gedir. Bu tərəflərdən heç biri prosesi təkbaşına idarə edə bilməz. Burada, ilk növbədə, requlyatorun rolu yalnız qaydaları müəyyən etməklə məhdudlaşmır. Eyni zamanda, bazarın inkişaf istiqamətlərini görmək, riskləri düzgün qiymətləndirmək və innovasiyaların təhlükəsiz şəkildə inkişaf edə biləcəyi mühiti yaratmaq və qoruyub saxlamaq da vacibdir", - deyə E.Abdullayev əlavə edib.
Onun fikrincə, fintexlər bankların strateji tərəfdaşına çevrilməlidir: "Banklar fintexlərə yalnız rəqib və yaxud texnoloji təchizatçı kimi baxmamalıdırlar. Bir çox sahələrdə fintexlər bankların strateji tərəfdaşına çevrilməlidir. Əlbəttə, bankların bu istiqamətdə baxışını dəyişməsi bir qədər çətindir. Biz fintexlər olaraq müşahidə edirik ki, fəaliyyət göstərdiyimiz bir çox sahələrdə, xüsusilə də gəlirliliyi yüksək olan istiqamətlərdə banklar bizi hələ də rəqib kimi görürlər. Bu baxımdan ümidimiz AMB-yədir. Onun ədalətli ekosistemin qorunması istiqamətindəki fəaliyyəti bu məsələdə mühüm rol oynaya bilər".
"Eyni zamanda "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyi banklarla fintexlər arasında dialoqa şərait yaradır, əməkdaşlığın inkişafı üçün imkanlar formalaşdırır. Fintex sektorunun da üzərinə böyük məsuliyyət düşür. Çünki innovasiya yalnız sürət və ya texnologiyanın tətbiqi demək deyil, eyni zamanda məsuliyyət deməkdir. Fintex sektoru uzunmüddətli və dayanıqlı inkişaf istəyirsə, komplayens, çirkli pulların yuyulmasına qarşı mübarizə (AML), kibertəhlükəsizlik, məlumatların qorunması, əməliyyat dayanıqlığı və istehlakçı hüquqlarının müdafiəsini biznes modelinin ayrılmaz tərkib hissəsinə çevirməlidir. Mən çox sadə bir prinsipə inanıram: etibar olmayan yerdə innovasiya dayanıqlı ola bilməz. Bu baxımdan AMB-nin strateji baxışı bizim üçün xüsusilə vacibdir", - deyə sədr əlavə edib.(Report)
10:37 24.11.2026
Oxunuş sayı: 42