Pensiyaçılar dolanmaq üçün evlənir – 307 nəfərlik statistikanın pərdəarxası
Azərbaycanda nikah yaşı ilə bağlı müzakirələr əsasən gənclərin ailə qurması, evlilik yaşının artması və boşanma halları ətrafında aparılsa da, statistik göstəricilər fərqli bir tendensiyanı da ortaya qoyur. Belə ki, ailə qurmaq üçün yaş məhdudiyyəti olmayan şəxslər arasında pensiya yaşını keçdikdən sonra nikaha daxil olanlar da var. Bu ilin ilk 9 ayı ərzində Azərbaycanda 65 yaşdan yuxarı 307 nəfər nikaha daxil olub. Onlardan 233-ü kişi, 74-ü isə qadındır. Bu rəqəmlər göstərir ki, ailə qurmaq və yeni münasibətə başlamaq qərarı yalnız gənclik dövrünə aid deyil. İnsanlar həyatlarının daha gec mərhələsində də ailə qurmağa ehtiyac duya, tənhalıqdan uzaqlaşmaq, mənəvi dəstək tapmaq və həyatlarını kiminləsə bölüşmək istəyə bilərlər. Digər tərəfdən, 65 yaşdan yuxarı nikaha daxil olan kişilərin sayının qadınlardan xeyli çox olması da diqqət çəkir.

Crossmedia.az-a açıqlamasında sosioloq Əhməd Rəhmanov bildirib ki, Azərbaycanda pensiya kapitalı düzgün indeksasiya olunmur:
“Çünki ilin əvvəlində, məsələn, Dövlət Statistika Komitəsi inflyasiyanı açıqlayır. Düzdür, bu göstərici reallıqdan aşağı olsa da, tutaq ki, inflyasiyanı 7 faiz göstərir. Amma vətəndaşın pensiya kapitalı indeksasiya olunanda bu göstərici demək olar ki, iki dəfə aşağı olur. Məsələn, təxminən 5 faiz götürək. Bu isə o deməkdir ki, pensiyaçı günbəgün kasıblaşır. Çünki qiymətlər onsuz da Dövlət Statistika Komitəsinin açıqladığı göstəricidən daha çox artır, bazar qiymətləri daha sürətlə yüksəlir. Pensiyaçı isə getdikcə alıcılıq qabiliyyətini itirir.
Bunu sovet dövrü ilə müqayisə edərdim. Çünki biz indi daha çox həmin dövrü müqayisə edirik, başqa bir dövr görmədiyimizə görə müqayisə aparmaq imkanımız yoxdur. Sovet dövründə pensiyaçı aldığı pensiya ilə rahat yaşaya, hətta övladlarına da kömək edə bilirdi. Bu gün isə Azərbaycanda əmək bazarının vəziyyəti çox pisdir, iş yerləri yoxdur. İnsanlar özlərini güclə dolandırırlar. Valideyn də bunu yaxşı başa düşür. Buna görə də öz pensiyasını başqa bir pensiya ilə birləşdirərək güzəranını təmin etmək istəyir. Belə bir arzu və ehtiyac yaranır. Ona görə də 65 yaşdan sonra pensiya yaşına çatan insanlar, belə desək, bir növ ittifaqlar qururlar, ailə həyatı yaradırlar ki, pensiyalarını birləşdirərək dolana bilsinlər və övladlarına yük olmasınlar”.
Sosioloq hesab edir ki, Azərbaycanda ümumiyyətlə əməkhaqları, müavinətlər və pensiyalar düzgün hesablanmır:
“Bunun təməli 2005-ci ildə qoyulub. Həmin il Azərbaycanda minimum istehlak səbəti qəbul edilərkən müəyyən xərclər nəzərə alınmayıb. Bu günə qədər də həmin xərclər minimum istehlak səbətində öz əksini tapmayıb. Məsələn, orada tibbi xərclər göstərilməyib. Halbuki bu gün hər hansı tibb müəssisəsinə müayinəyə gedəndə xərclərin bir hissəsini özümüz ödəyirik. Hətta icbari tibbi sığorta olsa belə, bu xərclər yaranır.
Məsələn, MRT, KT və digər müayinələr var ki, dövlət tibb müəssisəsində həmin xidmətlər olmadıqda vətəndaşı özəl müəssisəyə yönləndirirlər. Özəl müəssisədə isə bildirirlər ki, xərcin bir hissəsini vətəndaş özü ödəməlidir. Halbuki bu xərclər minimum istehlak səbətində nəzərə alınmayıb.
İkinci bir məsələ də var. Həmin minimum istehlak səbətində, bir qədər kobud desəm, kartofun qiyməti, tutaq ki, bir manat göstərilib. Həmin dövrdə bu, kartofun topdansatış qiyməti və ən aşağı keyfiyyətli məhsulun qiyməti idi. Yəni insanlar üçün nəzərdə tutulan hesablamalarda onların real istehlak xərcləri nəzərə alınmayıb.
Hesablanmayıb ki, mən ayda bir dəfə topdansatış qiymətinə ərzaq almaq üçün Bakının bir başından digər başına, bazaya və ya meyvə-tərəvəz satılan başqa bir yerə getməliyəmsə, bunun üçün yol xərci çəkirəm. Həmin nəqliyyat xərci də nəzərə alınmayıb.
Hesablamalar düzgün aparılmayıb. Bu gün bütün əməkhaqlarının və pensiyaların təməli, mənim fikrimcə, 2005-ci ildə qəbul edilmiş həmin minimum istehlak səbətinə əsaslanır. O vaxt minimum istehlak səbətinin tərkibi müəyyənləşdirilib, sonrakı illərdə isə onun üzərinə indeksasiya və digər artımlar əlavə olunub. Bu zəncirin əsas bəndi məhz həmin ilkin hesablamadır. İqtisadçılar da bunu yaxşı bilirlər.
Ona görə də bu gün Azərbaycanda pensiyalar və əməkhaqları aşağıdır. Əmək bazarının vəziyyəti isə ümumiyyətlə ürəkaçan deyil. Çünki əmək bazarına nəzarət yoxdur. Dövlət Əmək Müfəttişliyi yerlərdə monitorinq aparmadığına görə işəgötürənlər, sahibkarlar işçiləri istismar edirlər. Məsələn, sənəddə iş vaxtı səkkiz saat göstərilir, amma işəgötürən işçini on saat işləməyə məcbur edir.
Bütün bunlar bir-biri ilə əlaqəli amillərdir. Nəticədə yaşlı nəsil, belə demək mümkündürsə, Allahın ümidinə qalıb. Aldığı cüzi pensiya ilə özünü dolandırmaq üçün məcbur olur ki, özü kimi başqa bir pensiyaçı ilə birləşsin, bir növ ittifaq yaratsın və aldığı pensiya hesabına heç olmasa, güzəranını təmin edə bilsin”.
Məhəbbət Tərlanoğlu
11:44 24.11.2026
Oxunuş sayı: 38