ASAN könüllülərinin “InnoCamp 2” düşərgəsi başa çatıb
2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində “InnoCamp 2 – ASAN könüllülərinin innovasiya düşərgəsi” keçirilib.
Crossmedia.az xəbər verir ki, “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən düşərgənin əsas məqsədi gənclərin süni intellekt və robototexnika sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, texnoloji yeniliklərə maraqlarını artırmaq və komanda işi, yaradıcı düşünmə qabiliyyətlərini formalaşdırmaq olub.
Layihə müddətində “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin və "MilliSec" şirkətinin əlaqəli sahələr üzrə mütəxəssislərinin təqdimatında interaktiv təlimlər təşkil olunub.
Layihə müddətində Gəncə regionundan olan 76 gənc intensiv təlim və sessiyalarda iştirak edərək innovasiya, texnologiya və müasir rəqəmsal həllərlə bağlı biliklərini genişləndirmək imkanı əldə ediblər. Eyni zamanda komanda işi, yaradıcı yanaşma və praktiki problemlərin həlli istiqamətində yeni biliklər əldə ediblər.
Düşərgə gənclərin yeni biliklər qazanması, ideyalarını bölüşməsi və innovativ təşəbbüslər ətrafında bir araya gəlməsi üçün əlverişli platforma yaradıb.
Sonda bütün iştirakçılar sertifikatlarla təltif olunublar.
12:38 26.11.2026
Oxunuş sayı: 49