Misirdə dəhşətli partlayış: 31 ölü, 21 yaralı
Misirin paytaxtı Qahirə yaxınlığında yanacaq daşıyan yük avtomobilinin qəzaya uğrayaraq partlaması nəticəsində azı 31 nəfər ölüb, 21 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, Misirin Səhiyyə və Əhali Nazirliyi bu barədə məlumat yayıb.
Hadisə noyabrın 25-də Qahirəni əhatə edən dairəvi avtomobil yolunun Giza əyalətinin Əl-Vərraq rayonundan keçən hissəsində baş verib.
Məlumata görə, neft məhsulları daşıyan yük avtomobili aşıb və nəticədə güclü yanğın başlayıb. Alov qısa müddətdə ətrafdakı nəqliyyat vasitələrinə yayılıb.
İlkin hesablamalara əsasən, yanğın nəticəsində 27 avtomobil və motosiklet yanaraq yararsız hala düşüb.
Hadisə yerinə 39 təcili tibbi yardım avtomobili cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.
Misir prokurorluğu qəzanın səbəblərini və başvermə şəraitini müəyyənləşdirmək üçün araşdırmalara başlayıb.
13:34 26.11.2026
Oxunuş sayı: 38