Stubb: Ukrayna ildə 10 milyon dron istehsal edə bilər
Ukrayna son dörd il yarım ərzində pilotsuz uçuş aparatlarının istehsalı sahəsində böyük irəliləyiş əldə edərək illik 10 milyon dron istehsal etmək gücünə çatıb.
Crossmedia.az xəbər verir ki, Finlandiya Prezidenti Aleksandr Stubb bu barədə Helsinkidə keçirilən “Slush 2026” tədbirində çıxışı zamanı bildirib.
Stubb Avropa ölkələrinin Ukrayna ilə dron istehsalı sahəsində əməkdaşlığı genişləndirdiyini qeyd edib.
Onun sözlərinə görə, bunun iki əsas səbəbi var: Ukraynanın döyüş meydanında qazandığı təcrübə və pilotsuz uçuş aparatlarının istehsalı üzrə formalaşdırdığı sənaye potensialı.
“Ukraynalılar iki mühüm üstünlüyə malikdirlər. Birincisi, döyüş meydanında əldə etdikləri məlumatlar və təcrübədir. İkincisi isə dron istehsal etmək imkanlarıdır”, – deyə Finlandiya Prezidenti bildirib.
Stubb vurğulayıb ki, dörd il yarım əvvəl dron istehsal etməyən Ukrayna 2026-cı ildə illik 10 milyon pilotsuz uçuş aparatı istehsal etmək gücünə çatıb.
Qeyd edək ki, Finlandiya və Ukrayna 2026-cı ilin sentyabrında pilotsuz sistemlərin istehsalı sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan saziş imzalayıblar.
13:47 26.11.2026
Oxunuş sayı: 42