Ermənistanın iki yolu var - Ya işıq gələn tərəf, ya da...
Ermənistanın xarici siyasətində son dövrlər müşahidə olunan əsas tendensiyalardan biri Qərblə, xüsusilə Avropa İttifaqı ilə inteqrasiyanın dərinləşdirilməsi, eyni zamanda Rusiya ilə mövcud əlaqələrin qorunub saxlanılması cəhdidir. İrəvan bir tərəfdən Avropa ilə siyasi və iqtisadi əməkdaşlığı genişləndirməyə çalışır, digər tərəfdən isə Moskva ilə münasibətlərdə kəskin gərginliyin yaranmasında maraqlı olmadığını nümayiş etdirir. Bu isə Ermənistanın xarici siyasətində balanslaşdırılmış mövqe tutmaq istəyini ortaya qoyur.
Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan da ölkəsinin Rusiya ilə münasibətlərdə böhran yaratmaq və ikitərəfli əlaqələri kəsmək niyyətində olmadığını bildirib.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Azad Vətən Partiyasının sədri Akif Nağı qeyd edib ki, bu məsələ ilə bağlı Ermənistan cəmiyyətində müxtəlif fikirlər səsləndirilir: “Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan da bir sıra məsələlərə münasibət bildirərkən, xüsusilə Rusiya ilə münasibətlərin gələcək perspektivlərinə toxunub. Hazırda Ermənistan cəmiyyətində əsas müzakirə mövzularından biri də məhz budur: İrəvan Moskva ilə münasibətləri kəsəcək, yoxsa mövcud əlaqələri qoruyub saxlayacaq? Ermənistan qarşısında iki əsas istiqamət dayanır: ya Qərbyönümlü siyasət yeridərək Avropa ilə inteqrasiyanı dərinləşdirmək, ya da Rusiya amilini də nəzərə almaqla balanslaşdırılmış xarici siyasət həyata keçirmək. Müasir beynəlxalq münasibətlər sistemində siyasət artıq ağ və qara rənglərdən ibarət deyil. Bu iki rəng arasında çoxsaylı çalarlar mövcuddur və dövlətlər də öz maraqlarına uyğun olaraq həmin çalarlardan istifadə etməyə çalışırlar. Ermənistan da bir tərəfdən Qərblə, xüsusilə Avropa ilə əməkdaşlığını genişləndirməyə, digər tərəfdən isə Rusiya ilə mövcud əlaqələrini qorumağa çalışır. Eyni zamanda, TRIPP layihəsinin icrasına başlanılır və bu prosesdə Rusiyanın da müəyyən formada iştirakına şərait yaradılması məsələsi gündəmdədir. Başqa sözlə, İrəvan paralel istiqamətlər üzrə siyasət yürütməyə çalışır. Bu baxımdan, Kostanyanın açıqlamalarının mövcud reallığı əks etdirdiyini düşünürəm”.
Partiya sədri bildirib ki, Ermənistanın Rusiya ilə münasibətləri qoruyub saxlaması təsadüfi deyil: “Məlum olduğu kimi, gələn ay baş nazir Nikol Paşinyanın Moskvaya bir neçə səfəri nəzərdə tutulur. Həmin səfərlər çərçivəsində Vladimir Putinlə görüşlərin keçirilməsi və ikitərəfli münasibətlərin müzakirəsi gözlənilir. Bu məsələnin bir tərəfidir. Digər tərəfdən, Ermənistanın Rusiyasız mövcudluğunu və inkişafını təmin etməsi asan deyil. Çünki ölkə uzun illər ərzində müxtəlif siyasi, iqtisadi və təhlükəsizlik mexanizmləri vasitəsilə Rusiyadan asılı vəziyyətə düşüb.
Eyni zamanda, Rusiya da Ermənistanı tamamilə itirmək niyyətində deyil. Son dövrlərdə KTMT çərçivəsində baş verən proseslər, o cümlədən Ermənistanın təşkilatdan uzaqlaşmasına baxmayaraq, üzvlüyünün formal olaraq davam etməsi göstərir ki, Moskva İrəvanla əlaqələrini tamamilə kəsmək istəmir. Rusiya üçün Ermənistan vasitəsilə regiondakı mövqelərini qorumaq və gələcəkdə yenidən təsir imkanlarını genişləndirmək əhəmiyyətlidir. Bu baxımdan, qarşılıqlı maraqlar mövcuddur. Mən hesab edirəm ki, Rusiya da müəyyən mənada mövcud reallıqlarla barışmağa və Ermənistanın Avropaya inteqrasiya istiqamətində atdığı addımlara göz yummağa məcburdur. Belə bir şəraitdə Ermənistanın həm Avropa, həm də Rusiya ilə münasibətlərini qoruyub saxlaması ehtimalı yüksəkdir. Bununla belə, uzunmüddətli perspektivdə İrəvanın Avropaya meyillənməsi daha da güclənə bilər. Əgər Ermənistanda hakimiyyət dəyişikliyi baş verməzsə və açıq şəkildə Rusiyapərəst qüvvələr hakimiyyətə gəlməzsə, bu siyasətin davam edəcəyini düşünürəm. Zaman keçdikcə isə qarşılıqlı maraqlar və sərfəlilik prinsipi baxımından Rusiya ilə münasibətlərin əhəmiyyəti azala bilər. Bununla belə, Moskva ilə əlaqələr Ermənistanın maraqlarına xidmət etdiyi müddətdə qorunacaq. Ümumiyyətlə, Ermənistanın region dövlətləri ilə münasibətlərini inkişaf etdirməyə çalışması normal xarici siyasət yanaşmasıdır. İrəvan Azərbaycanla, Türkiyə ilə və İranla münasibətlərdən də faydalanmağa çalışır. Müasir dünya reallıqlarında hər hansı bir dövlətlə münasibətləri tamamilə kəsmək və əlaqələri birdəfəlik dayandırmaq artıq geniş qəbul olunan siyasi praktika deyil. Əksinə, dövlətlər mümkün qədər çox tərəflə münasibətləri qorumağa, əməkdaşlıq imkanlarını genişləndirməyə və hər bir ölkə ilə əlaqələrini öz milli maraqlarına uyğun şəkildə tənzimləməyə üstünlük verirlər. Düşünürəm ki, Ermənistan da bundan sonra xarici siyasətini məhz bu istiqamətdə davam etdirəcək. Yəni Qərblə inteqrasiyanı dərinləşdirməklə yanaşı, Rusiya və regionun digər dövlətləri ilə münasibətlərini də qorumağa çalışacaq”.
Ayhan
14:00 26.11.2026
Oxunuş sayı: 123